Şeyx Səfiəddin kompleksi Güney Azərbaycanın (hazırda İran ərazisi sayılır-red.) Ərdəbil şəhərində yerləşən tarixi-dini memarlıq kompleksidir. Kompleks Səfəviyyə sufi təriqətinin şeyxi Səfiəddinin məzarı üzərində inşa edilmiş türbə ətrafında formalaşıb.
Səfəvilər sülaləsindən olan şahlar kompleksə böyük əhəmiyyət verərək onun genişləndirilməsi və zənginləşdirilməsini təşviq ediblər. Şah İsmayıl Xətainin dövründə Şeyx Səfinin türbəsinin (sonradan şah özü də bu türbədə dəfn edilmişdir) fasadı nəfis kaşı işləmələrlə bəzədilib. Onun oğlu I Təhmasibin dövründə Şeyx Səfinin xatirəsinə möhtəşəm memarlıq abidəsi olan məscid inşa edilib. I Şah Abbasın dövründə isə kompleksə Çinixana binası əlavə edilib.
Nəfis çiniçilik nümunələrinin toplandığı və sərgiləndiyi bina böyük kitabxanaya ev sahibliyi etməklə yanaşı, I Abbasın dövründə həm də rəsmi görüşlərin keçirilməsi üçün istifadə edilib. Kompleksin həyətlərindən birində isə Çaldıran döyüşü şəhidləri (həmin məzarların bir çoxu Pəhləvilərin hakimiyyəti zamanında dağıdılıb-red.) dəfn edilib.
Kompleksin şimal-qərb tərəfində zəngin bəzədilmiş giriş portalı var. Həmin portaldan sonra yerləşən daha sadə dizaynlı, soldan üç tağlı, sağdan isə bir tağlı nişlərlə əhatələnmiş portal geniş bağa aparır. Tikili bağ tərəfdən də bazar meydanı tərəfdən olan görünüşünü təkrarlayır. Bağ həyətinin qarşı tərəfində yerləşən digər bir portal bağı böyük həyətlə əlaqələndirən kiçik həyətə açılır. Kiçik həyətin girişi 31 metr uzunluğa və 16 metr enə malik böyük həyətə açılır. Daşlarla döşənmiş bu həyətin mərkəzində hovuz yerləşir. Böyük həyət ətrafında səkkizbucaqlı plana malik məscid, ona birləşən dairəvi plana malik Şeyx Səfi türbəsi yerləşir. Çinixana binası birbaşa həyətlə əlaqələndirilməsə də, bir tərəfdən məscid binasına bitişir. Məscidin arxasında, Şeyx Səfi türbəsi ilə yanaşı daha bir neçə türbə binası, o cümlədən Şah İsmayıl Xətainin türbəsi yerləşir.
Şeyx Səfi kompleksi Bakıdakı Şirvanşahlar saray kompleksi ilə birlikdə Azərbaycanda orta əsr memarlıq komplekslərinin dövrümüzə tam şəkildə çatmış nadir nümunələridir. 2010-cu ildə kompleks UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilib. Sputnik Azərbaycan həmin kompleksdən çəkilmiş fotoları təqdim edir.