CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Almanlar az qala Bakını ələ keçirə bilərdilər" - 100 yaşlı veteran

© Sputnik / Murad OrujovВетеран Великой Отечественной войны Тамлейха Гасанов
Ветеран Великой Отечественной войны Тамлейха Гасанов - Sputnik Azərbaycan, 1920, 09.05.2021
Abunə olmaq
Tamleyxa Həsənov: "Mənim ən böyük arzum torpaqlarımızı azad görmək idi. Azərbaycan xalqı döyüşkən xalqdır. Biz bunu Böyük Vətən müharibəsində sübut etdik. Qəhrəmanlar diyarının torpağı işğalda qala bilməzdi".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 may - Sputnik. Üzərindən 76 il keçsə də, hər il Böyük Vətən Müharibəsinin başa çatdığı 9 May - Qələbə Günü Azərbaycanda şövqlə qeyd edilir. Bu müharibədə qəhrəmancasına döyüşərək şücaət göstərən azərbaycanlılar arasında kiçik cüssəsində böyük ürək gəzdirən Tamleyxa Həsənov da var. Naxçıvanın Culfa rayonunun Ərəfşa kəndində doğulan T.Həsənov müharibəyə 18 yaşında yollanıb. Müharibəyə Şimali Qafqazdan başlayan həmsöhbətimiz döyüş yolunun Krım, Rumıniya, Macarıstandan keçdiyini söyləyir: "Mən Bakıdakı piyada məktəbindən birbaşa döyüşə yollandım. O vaxt 1-ci Azərbaycan diviziyası yaranmışdı. Mən də həmin diviziyada döyüşürdüm".

Müharibənin od-alovu hələ gözlərində hiss olunan Tamleyxa baba ömrünün 100-cü baharında olsa da, müharibədə keçirdiyi günləri bircə gün belə unutmadığını söyləyir. Müharibə başlayan günü isə belə xatırlayır: "Hamı həyəcan içində idi. Müharibənin nə olduğunu bilməyənlər belə narahatlıq içində idilər. Almanlar Krıma qədər çatırdılar. Biz Şimali Qafqazdan Krıma keçərək döyüşə atıldıq. Həmin döyüşdə mən ayağımdan yaralandım. Bir müddət müalicə olunduqdan sonra yenidən döyüşə atıldım. Müharibə dəhşət, ölüm saçırdı. Ölüm qaşla-göz arasında idi. Biz müharibədə anladıq ki, hər an ölə bilərik. Demirəm ki, qorxmurduq. Hər bir insanın içində ölüm qorxusu olur. Amma bizim bir amalımız vardı. Düşmənə aman verməmək..."

© Sputnik / Murad OrujovBöyük Vətən Müharibəsi veteranı Tamleyxa Həsənov
Almanlar az qala Bakını ələ keçirə bilərdilər - 100 yaşlı veteran - Sputnik Azərbaycan, 1920, 09.05.2021
Böyük Vətən Müharibəsi veteranı Tamleyxa Həsənov

Həmsöhbətimiz deyir ki, özünü qəhrəman hesab etmir. Bununla belə qələbənin asan qazanılmadığını söyləyir: "Demirəm ki, mən qəhrəmanam. Amma qələbə asan qazanılmır. Qan, can bahasına başa gəlir. Müharibədən sağ çıxmaq asan deyil. Təqvimdə Qələbə Günü bir gün olsa da, mən onu hər gün yaşayıram", - deyə 100 yaşlı veteran bildirir.

"Bu gün kimin üçün darıxırsınız" sualına Tamleyxa Həsənov belə cavab verir: "Əsgər yoldaşlarım üçün darıxıram. Bu zaman onların şəklinə baxıram. İndi onların çoxu həyatda deyil. Şəkillərinə baxıb onları yada salıram".

100 yaşlı veteran deyir ki, faşizmə qarşı 15 respublika döyüşə qoşulsa da, hər kəs öz vətənini qorumaq üçün döyüşüb: "Biz SSRİ üçün vuruşmamışıq. Biz həm də öz vətənimiz üçün vuruşmuşuq. Almanlar az qala Bakını ələ keçirə bilərdilər. Minlərlə insanı diri-diri torpağa basdırırdılar. Siz elə bilirsiniz bizi ondan yaxşı aqibət gözləyirdi? 15 respublika birləşib öz namusu, qeyrəti üçün vuruşurdu. Hər dəfə gənclərə məsləhət görürəm ki, vətəni sevərək yaşayın!"

Tamleyxa Həsənov 44 günlük Vətən müharibəsinin hər gününü qələbə sorağı ilə izlədiyini söyləyir: "Mənim ən böyük arzum torpaqlarımızı azad görmək idi. Azərbaycan xalqı döyüşkən xalqdır. Biz bunu Böyük Vətən müharibəsində sübut etdik. Qəhrəmanlar diyarının torpağı işğalda qala bilməzdi. Bizim torpağımız igidlər məskənidir. Onların sayəsində biz torpaqlarımızı azad etdik. Ölümün gözünə dik baxan oğlanlarımızın sayəsində bu gün Azərbaycan xalqının üzü gülür. Bu günü görmədən ölmək istəmirdim. Azərbaycana ancaq qələbə yaraşır".

Həmçinin oxuyun:

Bir küçədə yaşamış iki Sovet İttifaqı qəhrəmanı

Almanlara silah gətirən qatarı partladaraq italyan qəzetinə manşet olan azərbaycanlı

Qələbə Gününü özünə ad günü kimi seçən qəhrəman

Xəbər lenti
0