BAKI, 8 may — Sputnik. Ötən ilin nəticələrinə görə, "Tesla" avtomobil konserninin banisi İlon Mask ABŞ-da ən yüksək əməkhaqqı alan baş direktor olub. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, 2018-ci ildə Mask "Tesla"dakı əmək haqqından imtina edib. Bunun əvəzində sahibkar işlədiyi şirkətin səhmlərinə opsionlar (səhmləri müəyyən qiymətə və ya müəyyən tarixə qədər almaq və ya satmaq hüququ verən müqavilə) şəklində mükafat alıb.
"Forbes" məcmuəsinin reytinqində bildirilir ki, 2020-ci ildə sahibkar avtomobil konserninin səhmlərinə 11 milyard dollarlıq opsionlara sahib olub.
Həmin reytinq cədvəlində ikinci yeri 211 milyon dollarla biznes üçün "Paycom" proqram təminatının müəllifi Çad Riçardson tutub. Cədvəldə üçüncü yerə "1Life Healthcare" tibbi şirkətinin baş direktoru Amir Den Rubin tutur. Onun hesabat ilində əmək haqqı 199 milyon dollar təşkil edib.
Qeyd edək ki, "Tesla" şirkəti 2021-ci ilin ilk rübünü rekord həcmdə mənfəətlə sona çatdırıb. Belə ki, şirkətin mənfəəti hesabat dövründə 27 dəfə artaraq 438 milyon dollar təşkil edib (hər bir səhmə 0,39 dollar düşür). Ötən ilin həmin dövründə şirkətin mənfəəti 16 milyon dollar olub.
Hesabat dövründə şirkətin ümumi dövriyyəsi 5,99 milyard dollardan 10,39 milyard dolara yüksəlib. Lakin şirkətin səhmləri 3,1% azalıb.