BAKI, 7 may - Sputnik. Xalq artisti Arif Quliyev vəfat edib.
Bu barədə APA TV-yə mərhum aktyorun oğlu Rövşən Quliyev məlumat verib.
Qeyd edək ki, bir müddət əvvəl koronavirusa (COVID-19) yoluxan Xalq artisti "Yeni Klinika"da müalicə olunurdu.
Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağ ciyərlərinin doxsan faizi buzlaşmışdı.
Məlumat üçün bildirək ki, Xalq artisti bir çox teatr tamaşaları ilə yanaşı, "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar ilə tamaşaçıların rəğbətini qazanıb. O bundan başqa, "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi", "Axırıncı dayanacaq" kimi bədii filmlərdəki obrazları ilə yaddaşlara həkk olunub. Xalq artisti 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş", 2012-ci ildə "Zirvə" mükafatına, 2014-cü ildə sənətkar medalına layiq görülmüşdü. Prezident təqaüdçüsü idi.
Allah rəhmət eləsin!