"Qissar"dan böyük "Araşan" var: Qırğızıstanda yeni qoyun cinsi qeydə alınıb

© AP Photo / MATTHIAS RIETSCHELСтадо овец, фото из архива
Стадо овец, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.05.2021
Abunə olmaq
Yeni cins digərlərindən xeyli fərqlənir. Belə ki, bir yaşa çatan toğluların çəkisi 90 kiloqrama, böyük qoçların çəkisi isə 200 kiloqrama çatır.

BAKI, 7 may — Sputnik. Qırğızıstanda "Araşan" adlı yeni ətlik-piylik qoyun cinsi rəsmi qeydiyyatdan keçirilib. Sputnik Qırğızıstan xəbər verir ki, yeni cinsdən olan qoyunlar öz xüsusiyyətlərinə görə etalon sayılan "Qissar" cinsindən olan qoyunları xeyli qabaqlayır.

Bu cür qoyunlar hələ Sovet dövründən yetişdirilib. Lakin yeni cins kimi qeydiyyatdan cari ilin aprelin 15-də keçirilib.

Qırğızıstan elmi-tədqiqat heyvandarlıq institutunun Qoyunların yetişdirilməsi və seleksiyası şöbəsinin müdiri Rahatbek İbrayev bildirib ki, yeni cins "Qissar" və "qırğız iriyunlu" cinslərinin cütləşdirilməsi yolu ilə yetişdirilib.

"Nazirliyin əsasnaməsinə görə, yeni cinsi qeydiyyatdan keçirmək üçün həmin cinsdən 5000 baş heyvan olmalı və bütün heyvanlar eyni tipli olmalıdırlar. Hazırda Qırğızıstanda 5800 başdan çox "Araşan" var. Fermerlərin xahişi ilə tədqiqat keçirilib və məlum olub ki, yeni cins digərlərindən xeyli fərqlənir. Belə ki, bir yaşa çatan toğluların çəkisi 90 kiloqrama, böyük qoçların çəkisi isə 200 kiloqrama çatır", — deyə İbrayev bildirib.

Mütəxəssisin sözlərinə görə, hazırda "Araşan" cinsinin ölkə hüdudlarından kənarda populyarlaşdırılması istiqamətində iş aparılır. Bu məqsədlə sərginin keçirilməsi və xarici ölkə nümayəndələrinin dəvət olunması planlaşdırılır.

Qoyun Yetişdiriciləri İctimai Birliyinin sədri Mirlan Satıbekov isə "Araşan" qeydiyyatdan keçirildikdən sonra artıq beynəlxalq sərgilərdə də iştirak etməyin mümkün olduğunu dilə gətirib.

"Yeni cins "Qissar" cinsli qoçlarla rəqabət aparmaq qabiliyyətindədir və hətta onlardan daha böyükdür. Fermerlərdən biri özünün 220 kiloqramlıq qoçunu hətta 50 min dollara da satmır. Bu cinsin quzularının qiyməti isə 300 dollardır. Bizim heyvandarlar çoxlu sayda qoyun saxlamağa öyrəşiblər. Amma 100 baş cins erkək qoyun saxlamaq 500 baş adi qoyun saxlamaqdan daha yaxşıdır. Belə ki, cins qoyunlar daha çox ət verir və onları diri halda sərfəli qiymətə satmaq olar", — deyə Satıbekov bildirib.

Mütəxəssis onu da bildirib ki, "Araşan" cinsindən olan qoçları almaq istəyənlər Qoyun Yetişdiriciləri İctimai Birliyindən məsləhət ala bilərlər.

Xəbər lenti
0