Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan
BAKI, 7 may — Sputnik. Azərbaycanın xalqı şairi Musa Yaqub sabah öz vəsiyyətinə uyğun olaraq İsmayıllının Buynuz kəndində dəfn ediləcək. Xatırladaq ki, xalq şairi bu gün günorta saatlarında doğulduğu İsmayıllı rayon Buynuz kəndində olan evində vəfat edib.
84 yaşlı Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. İxtisasca Filoloq olan Yaqubov Musa Səfiməmməd oğlu uzun illər İsmayılının kəndlərində müəllim işləyib. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini seçilib. Ədəbi fəaliyyətə 1957- İki qəlb, iki dünya poeması ilə başlayan şair, Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak edib. İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olub.