Hər zaman hüsnünə, yaraşığına nəğmələr qoşulan, şeirlər söylənən yaşıl zəmilərin arasında bitən qızıl lalələr Göyçayda gözəl mənzərə ortaya çıxarıb. Kövrəkliyini bahar müjdəli bənövşədən, rəngini qızılgüldən alan al-qırmızı lalələr yoldan keçənləri belə ayaq saxlamağa vadar edir, sanki insanları bir an ana təbiətin bu gözəlliyindən zövq almağa səsləyir.
Rayonun dörd bir yanında yamyaşıl çəmənliklərdə boy verən lalələr paytaxt sakinləri ilə bərabər yerli qonaqların, yaradıcı insanların da diqqətini cəlb etməyi bacarır. Yolda hərəkət edən hər 3 avtomobildən ikisi bu ərazidə dayanır, böyüklər və uşaqlar bu gözəlliyi seyr edərək, lalə romantikasının maraqlı məqamlarının sevincini yaşayırlar. Təbiətin sehrinə düşərək valehedici mənzərəni doya-doya seyr edən yolçular bu mənzərəni ildə bir dəfə yaz aylarında görə bilərlər.