Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 4 may — Sputnik. Azərbaycanda uşaqların dini etiqada məcburiyyəti qadağan edilir.
Sputnik Azərbaycan xəbər verir ki, "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik edilib.
Dəyişikliyə əsasən, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir. Layihəyə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir. Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır.
Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirilib ki, "Dini etiqad azadlığı haqqında" qanun 1992-ci ildə qəbul edilib. Ötən müddətdə qanunvericiliyə olunan dəyişikliklər, müasir dövrün çağırışları dini sahədə yeni normativlərin təsbitini də zəruri edib.
Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.