BAKI, 3 may — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, bu gün dünyada 466 milyon insan eşitmə məhdudiyyətlidir ki, onların da 34 milyonunu uşaqlar təşkil edib. 2050-ci ilədək isə bu rəqəmin 900 milyona çatacağı proqnozlaşdırılır.
Doğulan hər min körpədən ikisində ya tək, ya da hər iki qulaqda eşitmə məhdudiyyəti olur. Yenidoğulanlar üçün eşitmə testinin mövcudluğu isə daha öncədən həyəcan təbili çalmağa, mümkün olduğu qədər də problemi önləməyə imkan verir. Statistikaya görə, eşitmə məhdudiyyətli körpələrlə bağlı bu rəqəm doğulduqdan 48 saat ərzində küvəzdə qalanlar arasında da illik olaraq artır.
Bu cür xəstələrin sayının azalması üçün hökumətlər tərəfindən müxtəlif addımlar atılır. Artıq yeni qanunvericiliyə görə, Türkiyədə körpə doğularkən məcburi olaraq xəstəxanada eşitmə testindən keçiriləcək. Çünki həkimlər də bildirirlər ki, ən kritik müddət körpənin yenicə dünyaya gəldiyi vaxtdır. Yeni qanuna görə, ilk test mərhələsindən sonra, 6 ayın tamamında isə eşitmə problemi olan yenidoğulmuşların cihazla təminatı, reabilitasiyası həyata keçiriləcək.
Eşitmə problemi olan uşaqlarda bu problemin gec aşkarlanması isə onun müalicəsinin, təhsilinin gecikməsi, yaşıdlarından geri qalması deməkdir.
Maraqlıdır, Azərbaycanda bu testlərin qiyməti nə qədərdir və onların zəruriliyini necə dəyərləndirmək olar? Təşkil etdiyimiz kiçik sorğu nəticəsində bəlli olub ki, ölkəmizdə bu testlərin qiyməti 30-120 manat arasında dəyişilir.
Həkim-audioloq Amaliya Qəmbərova Sputnik Azərbaycan-a açıqlamasında isə bu testlərin, yəni ilkin diaqnozun zəruriliyindən danışır:
"Bu gün hər yeni doğulan 1000 uşaqdan təxminən 4-də eşitmə itkisi problemi müşahidə edilir. Hər yeni doğulmuşa doğumun 3-cü sutkasından başlayaraq 28-ci günədək eşitmənin skrininq müayinəsi həyata keçirilir. Bu gün Türkiyə və bu kimi bir çox ölkələrdə erkən olaraq, yəni körpə dünyaya gəldiyi ilk günlərdə, xəstəxananı tərk edənədək onun eşitməsi test edilir. Azərbaycanda qohum evliliklərinin çox olduğunu nəzərə alsaq, körpələrin doğularkən eşitməsinin skrininq edilməsi zəruridir. Çünki ilkin diaqnozun gecikməsi eşitmə azlığı ilə bərabər nitqin ləngiməsinə, eyni zamanda da onun qüsurlu olmasına səbəb olur. Bir yaşadək olan uşaqlarda eşitmə itkisinin olması təsdiqlənərsə, cihazdan və koxlear implantdan faydalanma şansı artır".
Səhiyyə Nazirliyinin baş otorinolarinqoloqu, tibb elmləri doktoru Nazim Hüseynov isə Sputnik Azərbaycan-a açıqlamasında digər ölkələrdə olduğu kimi, Azərbaycanda da yenidoğulanların eşitmə testindən keçirilməsinin zəruriliyindən söz açıb: "Bu gün Azərbaycanda bir neçə xəstəxanada bu testlər həyata keçirilir. Lakin xüsusi olaraq bütün doğum evlərində bu testlər həyata keçirilmir. Bütün dünyada yeni doğulanlar eşitmə testindən keçirilir, Azərbaycanda da körpələrin doğularkən ilk günlərdə xəstəxanada ikən eşitmə testindən keçirilməsi, problem aşkarlanan bu şəxslərin qeydiyyata alınması çox vacibdir".
"Bu cür xəstələrin sayının artması ilk olaraq dünyada əhali sayının artması ilə əlaqədardır. Bundan başqa, öncələr tibbin çəkisi 1 kilo 600 qramdan az olan yenidoğulmuşları saxlamaq imkanı yox idi, amma artıq tibbin bu imkanı var. Anormal doğulan uşaqların olması da eşitmə məhdudiyyəti ilə doğulan uşaqların sayında artıma səbəb olur. Bundan başqa, yaşlı əhalinin sayının artması da bu rəqəmlərə təsir edir. Eyni zamanda da insanlarda elektron məhsullardan asılılıq da buna səbəb olur", - deyə o əlavə edib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu gün Azərbaycanda eşitmə məhdudiyyəti olan xəstələrin (qulağın və məməyəbənzər çıxıntının xəstəliyi) sayı 49 min 526-dırsa, 2004-cü ildə bu rəqəm 28 min 268 olub.