CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu binanın daşları hələ çox adamın başına düşəcək - o oğlanın faciəsi MKTB-yə dərs olmadı

© Sputnik / Zulfiyya GuluyevaRafiq İsgəndərov
Rafiq İsgəndərov - Sputnik Azərbaycan, 1920, 03.05.2021
Abunə olmaq
"Adam yeriyəndə ayağının altına baxar. Biz yuxarı baxıb binanın həyətində gəzirik. Külək olanda isə narahatlığımız ikiqat artır. Bir gözümüz binanın yuxarısında qalır ki, qopan üzlük daş plitələr hər an başımıza düşəcək".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 3 may — Sputnik. Aprelin 30-da Bakının Səbail rayonunun Badamdar qəsəbəsi Rafiq İsgəndərov küçəsində yerləşən binadan daş plitənin qoparaq düşməsi nəticəsində yaralanan 14 yaşlı Əli Şabanovun vəziyyəti ağır olaraq qalır. Baş verən bədbəxt hadisədən üç gün keçsə də, ərazidəki təhlükə bu günədək aradan qaldırılmayıb. Bu barədə Sputnik Azərbaycan-ın hadisə yerində olan müxbirinə sakinlər məlumat verib. Koma vəziyyətində olan Əli Şabanovun əmisi Mais Şabanov Sputnik Azərbaycan-a bildirib ki, qardaşı oğlu aprelin 30-da axşam saatlarında repetitor hazırlığından çıxaraq evə gəlib. Kitabını müəllimigildə unudan Əli evdən çıxaraq kitabını götürməyə gedib. Geri qayıdanda, saat 19 radələlərində binadan qopan daş plitə Əlinin başına düşüb. M.Şabanov deyir ki, sakinlər binada bu təhlükə ilə bağlı dəfələrlə ərazi üzrə Mənzil Kommunal İstismar Sahəsinə məlumat versələr də, təhlükə aradan qaldırılmayıb.

© Sputnik / Zulfiyya GuluyevaƏli Şabanovun əmisi Mais Şabanov
Bu binanın daşları hələ çox adamın başına düşəcək - o oğlanın faciəsi MKTB-yə dərs olmadı - Sputnik Azərbaycan, 1920, 03.05.2021
Əli Şabanovun əmisi Mais Şabanov

Burada yaşayan sakinlər isə hadisədən sonra təşviş içindədirlər. Onlar öz uşaqlarını həyətə düşməyə qoymurlar. Bu sözləri Sputnik Azərbaycan-a bina sakinləri söyləyiblər. Onlar deyirlər ki, bina 1986-cı ildə inşa olunub:

"Gördüyünüz bu binalarda yaşayanların çoxu neftçi ailələridir. Biz bura köçəndən bina təmir olunmayıb. Binaya vurulan daş plitələri ömrünü başa vurub. Bir-bir qoparaq yerə düşür. Binanın yanından keçmək hər an təhlükəlidir. Yuxarı hissələrdən daş plitələrin qopduğu açıq görünür. Biz ərazi üzrə MKİS-ə məlumat vermişik. Amma heç kəs gəlib tədbir görmədi. Nəticədə daş düşərək Əlini ölümcül yaraladı".

Sakinlər deyirlər ki, bu hadisə bir neçə il öncə də baş verib. Binadan qopan daş plitəsi burada yaşayan sakinlərin birinin maşınının üstünə düşüb. Həmin an sürücü ölümdən möcüzəvi şəkildə xilas olub.

Sakinlərin sözlərinə görə, binanın daş plitələrinin qoparaq yerə düşməsi ilə bağlı 144 saylı MKİS-ə etdikləri heç bir müraciətə cavab verilmir: "Biz MKİS-ə ildə 25 manat ev pulu ödəyirik. Ev haqqını bir gün gecikdirsək gəlib pulu almamış getmirlər. Amma hər dəfə bu təhlükə barədə müraciət edəndə bizi müxtəlif bəhanələrlə yola verirlər".

© Photo : Courtesy of Mais ShabanovƏli Şabanov
Bu binanın daşları hələ çox adamın başına düşəcək - o oğlanın faciəsi MKTB-yə dərs olmadı - Sputnik Azərbaycan, 1920, 03.05.2021
Əli Şabanov

Sakinlər bildirir ki, MKİS-in axırıncı bəhanəsi isə pandemiya olub. Qurumdan sakinlərə deyilib ki, pandemiya olduğundan binada təmir işlərinə başlaya bilmirlər.

Qeyd edək ki, ərazidə 4 yaşayış binası var. Onların hər birində eyni hadisənin təkrarlanma ehtimalı böyükdür. Binalara vurulan üzlük daşlar köhnəldiyindən bəzi yerlərdən qoparaq düşüb.

Məmmədova Zəbiyyə illərdir ki, bu binada yaşayır. Deyir ki, evdən çıxanda "kəlmeyi-şəhadətini" söyləyib həyətə düşür: "Adam yeriyəndə ayağının altına baxar. Biz yuxarı baxıb binanın həyətində gəzirik. Külək olanda isə narahatlığımız ikiqat artır. Bir gözümüz binanın yuxarısında qalır ki, qopan üzlük daş plitələri hər an başımıza düşəcək".

© Sputnik / Zulfiyya GuluyevaZəbiyyə Məmmədova
Bu binanın daşları hələ çox adamın başına düşəcək - o oğlanın faciəsi MKTB-yə dərs olmadı - Sputnik Azərbaycan, 1920, 03.05.2021
Zəbiyyə Məmmədova

Məhbubə Xıdırova isə deyir ki, problemlə bağlı heç bir qurum maraqlanmır: "Sanki bu ərazinin nə MKİS-i var, nə bələdiyyəsi, nə də ki, icra hakimiyyəti. Hara müraciət edirik heç bir qurum bu binanın təmirinə cavabdehlik daşımır. Hamısı deyir ki, binanı MKİS təmir etməlidir. Onlar isə heç yaxına gəlmir. Amma kimsə həyətdə daşı daş üstünə qoyanda hərəsi bir tərəfdən pul istəyir", - deyə sakin bildirir.

Müşahidələr zamanı gördük ki, binanın damında nəfəsliklərə yığılan daşlar da sakinlərin həyatı üçün təhlükə yaradır. Sakinlər bildirirlər ki, həmin nəfəsliklərdən daşların yuvarlanaraq həyətdən keçənlərin başına düşməsi an məsələsidir. Amma o nəfəsliklərə yığılan daşları MKİS təmizləmir: "Bir sözlə bu binada yaşamaq təhlükəlidir. Bu son hadisədən sonra özümüz də qorxa-qorxa həyətə düşürük".

© Sputnik / Zulfiyya GuluyevaSəbail rayonunun Badamdar qəsəbəsi Rafiq İsgəndərov küçəsində hadisənin baş verdiyi bina
Bu binanın daşları hələ çox adamın başına düşəcək - o oğlanın faciəsi MKTB-yə dərs olmadı - Sputnik Azərbaycan, 1920, 03.05.2021
Səbail rayonunun Badamdar qəsəbəsi Rafiq İsgəndərov küçəsində hadisənin baş verdiyi bina

MKİS nəinki baş verən təhlükənin aradan qaldırmasına başlayıb, hətta binadan düşən daş plitəsinin təsirindən kəllə-beyin travması alan Şabanov Əlinin vəziyyəti ilə də maraqlanmır. Əli hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında komatoz vəziyyətdədir. Əlinin atası Mahir Şabanov oğlunun ölümlə üz-üzə olduğunu, ümidlərinin Allaha qaldığını söyləyir:

"Heç bir qurum gəlib bizimlə maraqlanmır. Zəng edib oğlumun səhhətini soruşan belə yoxdur. Əlinin anası Ruhiyyə Şabanova isə danışacaq halda olmadığını, oğlunun sağalması üçün gecə-gündüz dua etdiyini söyləyir. Deyir ki, 22 ildir həmin binada yaşayırlar. Dəfələrlə binadan daş plitəsi düşərək sakinlərin həyatı üçün təhlükə yaradıb. Amma MKİS təhlükəni aradan qaldırmır".

Əlinin valideynləri bildirib ki, hazırda ərazinin millət vəkili Nigar Arpadarai xəstəxanadadır: "Çox sağ olsun Nigar xanım, bizi bu ağır günümüzdə tək qoymur. Hadisə barədə xəbər tutan kimi xəstəxanaya gəlib, Əlinin səhhəti ilə maraqlanıb, həkimlərlə görüşüb. Bizə də deyib ki, Əlinin ayağa qalxması üçün əlindən gələn köməyi edəcək".

© Sputnik / Zulfiyya GuluyevaSəbail rayonunun Badamdar qəsəbəsi Rafiq İsgəndərov küçəsində hadisənin baş verdiyi yer
Bu binanın daşları hələ çox adamın başına düşəcək - o oğlanın faciəsi MKTB-yə dərs olmadı - Sputnik Azərbaycan, 1920, 03.05.2021
Səbail rayonunun Badamdar qəsəbəsi Rafiq İsgəndərov küçəsində hadisənin baş verdiyi yer

Binada təhlükəli vəziyyətlə bağlı Sputnik Azərbaycan ərazi üzrə 144 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə müraciət də edib. Birlikdən müdriyyətin işdə olmadığını, işçilərin isə açıqlama vermək səlahiyyətini daşımadıqlarını bildirdilər.

Səbail Rayon İcra Hakimiyyətindən isə Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə baş verən bina onların deyil, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 Saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin nəzdindədir. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, hazırda problemin aradan qaldırılması üçün 114 saylı MKİS-in rəhbərliyi ilə görüş keçirilir.

29 saylı Səbail Seçki Dairəsindən seçilmiş deputat Nigar Arpadarai isə sakinləri narahat edən bu problemlə bağlı aidiyyatı üzrə müraciət edəcəklərini bildirib. 

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixli, müvafiq Sərəncamının icrası çərçivəsində Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, o cümlədən sözügedən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi, 2 saylı ünvanında yerləşən 1988-ci ildə inşa edilmiş yaşayış binası 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilib, Birliyin 144 saylı mənzil-kommunal istismar sahəsinin xidmət dairəsindədir.

Baki şəhər Mənzil Təsərrüfat Departamentindən Sputnik Azərbaycan-a bildiriblər ki, sözügedən bina qəzalı deyil:

"Sözügedən bina qəzalı deyil. İstismar müddətində konstruktiv elementlərindən hər hansının qəzalı və ya təhlükəli vəziyyətin olması barədə məlumat Baki şəhər Mənzil Təsərrüfat Departamentinə daxil olmamışdır. Məsələ araşdırılır, MKTD tərəfindən komissiya yaradılıb. Müvafiq araşdırmalardan sonra hadisədə kimin təqsirli olması müəyyənləşdiriləcək. İlkin versiyaya görə, hadisənin baş verməsinə səbəb binanın tikintisi zamanı yol verilən nöqsanlardır".

Xəbər lenti
0