BAKI, 1 may — Sputnik. ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsi (NASA) İlon Maskın "Space X" şirkəti ilə Aya qonma modulunun işlənib hazırlanması iə bağlı müqaviləsini dayandırıb.
Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu NASA rəsmisi Minika Uitt deyib.
Xatırladaq ki, həmin müqavilə Artemis proqramı çərçivəsində Yerin təbii peykinin səthinə astronavtların çatdırılmasını və bunun üçün müvafiq modulun hazırlanmasını nəzərdə tutur.
Məsələ bundadır ki, haqqında danışılan müqavilə uğrunda mübarizə aparan digər şirkətlər – Blue Origin və Dynetics İlon Maskın qələbəsinə qarşı ABŞ baş nəzarət idarəsində iddia qaldırıblar.
Uitt bildirib ki, NASA artıq Space X-ə 2,9 milyardlıq layihənin dayandırılması barədə məlumat verib.
"Müqavilə satınalmalarla bağlı çəkişmələr bitənədək dayandırılıb", - deyə Uitt bildirib.
Xatırladaq ki, aprel ayında SpaceX şirkətiinin Aya astronavtlar göndərəcəyi barədə xəbər verilib. Belə ki, şirkət bunun üçün NASA-nın müvafiq müqaviləsi uğrunda müsabiqədə qalib olub. Müsabiqədə həmçinin Blue Origin, Lockheed Martin, Northrop Grumman, Draper, habelə Dynetics şirkətləri iştirak edib.
Müqaviləyə əsasən, Space X şirkəti Orion gəmisində dörd nəfər astronavtı Ayətrafı stansiyaya göndərməli idi. Bundan sonra isə astronavtlardan ikisi Maskın şirkətinə məxsus Starship gəmisində Ayın səthinə çatdırılmalı idi.