Azad Rəhimovun vəfatı xəbəri təsdiqləndi

© Photo : Ministry of youth and sportGənclər və İdman naziri Azad Rəhimov və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarına hazırlaşan atletlərimizlə görüşüblər
Gənclər və İdman naziri Azad Rəhimov və  Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarına hazırlaşan atletlərimizlə görüşüblər - Sputnik Azərbaycan, 1920, 30.04.2021
Abunə olmaq
Səmayə Məmmədova: "Qoyduğunuz boşluğun ağrısı hər zaman içimi göynədəcək, ürəyimi yandıracaq. Sizin yoxluğunuzla mən həyatımda ilk dəfə doğma itkisinin acısını yaşadım."

BAKI, 30 aprel - Sputnik. Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov dünyasını dəyişib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Gənclər və İdman nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova öz Facebook səhifəsində paylaşım edib. O yazıb: 

"Bir neçə dəqiqə bundan öncə mənəvi atamı, dostumu, böyük qardaşımı, ürək sirdaşımı, nazirimi itirdim. Bir müddət bundan öncə onunla danışanda: "Azad müəllim, nə olar, tez gəlin. Sizinlə bölüşməyə, danışmağa, məsləhətlərinizi almağa elə ehtiyacım var". yazmışdım. Cavabı: "Gözlə. Gələcəm."olmuşdu. Azad müəllim, axı Siz hər zaman sözünüzə sadiq olmusunuz. Bəs bu dəfə niyə belə etdiniz? Niyə gözümü yolda qoydunuz? Sizsiz mənə çox çətin olacaq Azad müəllim. Qoyduğunuz boşluğun ağrısı hər zaman içimi göynədəcək, ürəyimi yandıracaq. Sizin yoxluğunuzla mən həyatımda ilk dəfə doğma itkisinin acısını yaşadım. Allah mənə 14 il Sizinlə çiyin-çiyinə çalışmmağı, Sizdən öyrənməyi, Sizin məktəbi keçməyi mükafat olaraq nəsib etdi. Hər şey üçün çox sağ olun! Zəhmətinizi halal edin! Məkanınız cənnət olsun mərd, sözü, əməli bütöv, mərhəmətli MÖHTƏŞƏM İNSAN!"

Səmayə Məmmədova statusunun postskriptum hissəsində isə "Bu günlərdə dualarını əsirgəməyən, xoş sözlər yazan, cənab nazirin səhhəti ilə maraqlanan hər kəsə təşəkkür edirəm!", - yazıb. 

Xatırladaq ki, bu gün Azad Rəhimovun vəfatı ilə bağlı xeyli ziddiyyətli xəbərlər dolaşırdı. Milli Olimpiya Komitəsi onun vəfatı ilə bağlı yaydığı məlumatı az sonra sosial şəbəkə hesabından silmişdi. Səmayə Məmmədova isə nazirin vəfatı barədə məlumatların yalan, səhhətinin isə ağır olduğunu bildirmişdi. 

© Photo : Facebook / Samaya MammadovaGənclər və İdman nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın paylaşımının skrinşotu
Azad Rəhimovun vəfatı xəbəri təsdiqləndi - Sputnik Azərbaycan, 1920, 30.04.2021
Gənclər və İdman nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın paylaşımının skrinşotu

Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakıda anadan olub. O, təhsilini 1971-ci ildə Bakı şəhəri 134 saylı məktəbinin birinci sinfində başlayıb. 1981-ci ildə həmin məktəbdə orta təhsilini bitirib və həmin il Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinə daxil olub. 1986-cı ildə həmin fakültəni bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.

Azad Rəhimov iş təcrübəsinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb. 1987–1989-cu illərdə Azərbaycan LKGI Xətai rayon komitəsində şöbə müdiri, 1989–1990-cı illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib.

1994-1998-ci illərdə "Ros-İMESKO" Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixədək "İtaldizayn" Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində çalışıb.

O, Azərbaycan Prezidentinin 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə Gənclər və İdman Naziri vəzifəsinə təyin edilib.

Azad Rəhimov Azərbaycan Prezidentinin 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni, 24 iyul 2019-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Xəbər lenti
0