BAKI, 29 aprel - Sputnik. Tacikistanla sərhəddə insident səbəbindən xəsarət alanların sayı 84-ə çatıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə RİA Novosti-yə Qırğızıstanın Səhiyyə Nazirliyindən bildirilib.
Atışma zamanı iki nəfər həlak ölüb, 2008-ci il təvəllüdlü qız isə xəstəxanaya çatdırılanadək yolda keçinib.
Sərhədin Batken rayonunda gərginlik çərşənbə günü başlayıb. Tacikistan tərəfindən olan nümayəndələr işıq xətlərinin dirəklərinə videomüşahidə kameraları quraşdırmaq istəyiblər. Bu, Qırğızıstan vətəndaşlarının xoşuna gəlməyib və onlar dirəyi mişarlamağa başlayıblar. Bundan sonra tərəflər bir-birinə daş atmağa başlayıblar.
Cümə axşamına keçən gecə vəziyyət pisləşib və atışma başlayıb. Nəticədə Tacikistanın iki vətəndaşı ağır yaralanıb, Qırğızıstan tərəfdən 1 nəfər həlak olub, 16 nəfər yaralanıb.
Bir qədər sonra Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi sərhəddə iki ölkənin döyüş bölmələrinin atışdığını bildirərək, tacik tərəfini minaatan bölmələri ərazidə yerləşdirməkdə günahlandırıb.
Tacikistanın İsfara şəhərinin meriyası məlumat yayıb ki, şəhər meri Qırğızıstanla sərhəddə çiynindən güllə yarası alıb. Meriyanın digər məlumatına görə, insident nəticəsində üç Tacikistan vətəndaşı həlak olub, 31-i isə yaralanıb.
Bir neçə saat əvvəl Qırğızıstan və Tacikistan xarici işlər nazirləri atəşkəs barədə razılığa gəldiklərini bəyan ediblər.
Qazaxıstan Prezidenti isə Qırğızıstanla Tacikistan arasında qarşılıqlı etimadın bərpa olunması üçün kömək etməyə hazır olduğunu bəyan edib.
Qırğızıstanla Tacikistan arasındakı dövlət sərhədində müntəzəmn olaraq yerli saklinlər və iki ölkə sərhədçiləri arasında gərginlik qeydə alınır. Buna səbəb isə limitasiyanın aparılmadığı sahələrin olmasıdır.