BAKI, 29 aprel - Sputnik. Azərbaycan və Portuqaliya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin 2-ci raundu idarə rəisləri səviyyəsində videokonfrans formatında keçirilib.
Azərbaycan XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, məsləhətləşmələr zamanı Azərbaycan və Portuqaliya arasında ikitərəfli əlaqələr nəzərdən keçirilib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, təhlükəsizlik, regional və digər maraq kəsb edən məsələlər müzakirə olunub. Portuqaliyanın Avropa İttifaqı Şurasına hazırkı sədrliyini nəzərə alaraq, həmçinin Azərbaycanın Aİ ilə əməkdaşlığı məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin, eləcə də parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər, pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra siyasi məsləhətləşmələrin növbəti raundunun əyani şəkildə keçirilməsini razılaşdırıblar.