BAKI, 29 aprel - Sputnik. Bu il Rotterdamda keçiriləcək "Avroviziya" müsabiqəsində tamaşaçılar iştirak edə biləcəklər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə De Telegraaf qəzeti yazır.
Niderland hökuməti bilet satışına icazə verib. Məşqlər, yarımfinallar və final üçün bilet satışı mayda başlayacaq.
Bundan öncə təşkilatçılar bildirmişdilər ki, Niderland hakimiyyəti COVID-19 pandemiyası şəraitində kütləvi tədbirlərin təhlükəsizliyini yoxlamaq məqsədi ilə may ayında Rotterdam şəhərində keçiriləcək "Avroviziya" mahnı müsabiqəsində tamaşaçıların iştirakına icazə verəcək. Həmin vaxt bildirilirdi ki, doqquz şounun hamısında - altı məşq, iki yarımfinal və final - eyni vaxtda ən çox 3,5 min tamaşaçı iştirak edə biləcək. Bununla belə, hökumətdən əgər ölkədə koronavirusla bağlı vəziyyət kəskinləşərsə, tamaşaçıların mahnı müsabiqəsini sadəcə televiziya vasitəsi ilə izləyə bilmə ehtimalını da istisna etməmişdilər.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 2020-ci ildə təxirə salınan "Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsi bu il may ayının 18-22-də Rotterdamdakı Ahoy arenasında keçiriləcək. Müsabiqədə ölkəmizi Samira Efendi "Mata Hari" mahnısı ilə təmsil edəcək.