CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"İslam irsimizi tanıyaq": İmamzadə ziyarətgahı - VİDEO

© AFP 2024 / AHMAD GHARABLIМужчина читает Коран, фото из архива
Мужчина читает Коран, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.04.2021
Abunə olmaq
Layihə çərçivəsində İslam mədəniyyəti abidələri (İslam memarlığının nümunələri olan məscidlər, türbələr, xanəgahlar, karvansaralar və s.) barədə qısa videoçarxların hazırlanması nəzərdə tutulur.

BAKI, 28 aprel — Sputnik. Mədəniyyət Nazirliyi müqəddəs Ramazan ayında "İslam irsimizi tanıyaq" layihəsinə start verib.

Sputnik Azərbaycan xəbər verir ki, layihə çərçivəsində İslam mədəniyyəti abidələri (İslam memarlığının nümunələri olan məscidlər, türbələr, xanəgahlar, karvansaralar və s.) barədə qısa videoçarxların hazırlanması, nazirliyin rəsmi saytı, sosial media hesabları və kütləvi informasiya vasitələrində yayımlanması nəzərdə tutulur.

Layihə çərçivəsində hazırlanan ilk videoçarx Gəncə şəhərindəki İmamzadə ziyarətgah kompleksinə həsr olunub.

Qeyd edək ki, İmamzadə ziyarətgahı Gəncə şəhərinin təqribən 7 kilometrliyində, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir. Kərpicdən tikilmiş türbənin ətrafında kiçik məscidlər, təkyələr, karvansara tipli evlər, alaqapı və köməkçi binalardan ibarət dini kompleks yaradılıb, onun ətrafına daş və kərpicdən hasar çəkilib. Kompleksin içərisində xalq arasında "Göy günbəz", "Göy məscid", yaxud "Göy İmam" kimi tanınan türbə yerləşir. Ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilən türbədə beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.

Müxtəlif vaxtlarda dağıntılara məruz qalan İmamzadə ziyarətgahı 1946-cı ildən İmamzadə piri kimi fəaliyyət göstərib. Sonrakı vaxtlarda, xüsusilə Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə tarixi abidə kimi burada təmir-bərpa işləri aparılıb. Eyni zamanda, bu, sovet dövründə rəsmi dövlət qeydiyyatından keçmiş yeganə ziyarətgah olub. Dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir.

Ölkənin dini-tarixi abidələrinin tamamilə yenidən qurulmasına və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyev bu kompleksə də xüsusi diqqət göstərib. Dövlət başçısının müvafiq sərəncamları ilə 2010-2015-ci illərdə burada təmir-bərpa işləri aparılıb, insanların inam və inanc yeri kimi üz tutduğu məbəd gözəl görkəm alıb.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi tərəfindən ötən ilin noyabr ayında "Xristian irsimizi tanıyaq" layihəsi təqdim edilib və layihənin birinci mərhələsi artıq başa çatıb. Layihə çərçivəsində Azərbaycan ərazisində xristian dininə aid olan və dövlət tərəfindən qorunan məbədlər, kilsələr və ibadətgahlara dair qısa videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunub.

Xəbər lenti
0