BAKI, 26 aprel — Sputnik. "Ermənistandakı "Metsamor" AES ilə əlaqəli risklər beynəlxalq ictimaiyyət tərəfindən hərtərəfli şəkildə nəzərdən keçirilməlidir. Bu AES 1976-1980-ci illərdə Çernobılda istifadə edilən oxşar texnologiya ilə inşa edilib və aktiv seysmik zonada yerləşir. Köhnəlmiş texnologiya və mövqeyi "Metsamor"u dünyanın ən təhlükəli nüvə stansiyaları sırasına salır. Müxtəlif beynəlxalq təşkilatların bu obyekti "bütün bölgə üçün təhlükə" adlandıraraq xəbərdarlıq etmələrinə baxmayaraq, Ermənistan "Metsamor" AES-in istismar müddətinin bitməsinə baxmayaraq, hələ də ondan istifadə etməyə davam edir".
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Azərbaycanın Xarici İşlər Nazirliyinin Çernobıl fəlakətinin Beynəlxalq Anım Günü və 35-ci ildönümü ilə əlaqədar yaydığı açıqlamada yer alıb.
"2020-ci ildə Avropa İttifaqı növbəti dəfə Ermənistanı AES-i bağlamağa çağırdı və qeyd etdi ki, "nüvə zavodu beynəlxalq səviyyədə qəbul edilmiş nüvə təhlükəsizliyi standartlarına tam cavab verəcək şəkildə təkmilləşdirilə bilməyəcək və bu səbəbdən də onun qısa zamanda bağlanması və təhlükəsiz şəkildə istismardan çıxarılması tələb olunur". "Metsamor"un istismarı zamanı köhnəlmiş texnologiyadan istifadə etmək və təhlükəsizlik qaydalarına riayət etməmək daha geniş bölgə üçün ciddi ekoloji problemlər yaradır", - məlumatda qeyd olunub.
Bundan əlavə bildirilib ki, yüksək dərəcədə zənginləşdirilmiş uran kimi nüvə materiallarının qaçaqmalçılıq hadisələrinin təkrarlanması, zavodun və onun nüvə materiallarının düzgün fiziki qorunması ilə bağlı əlavə narahatlıqlar yaradır: "Bu anım günündə, bütün müvafiq beynəlxalq təşkilatları, nüvə təhlükəsizliyi və ətraf mühit məsələləri ilə məşğul olan vətəndaş cəmiyyəti institutlarını, eləcə də bölgə ölkələrini potensial fəlakətin qarşısının alınması barədə ictimaiyyətin məlumatlılığını artırmağa və "Metsamor" AES-in bağlanması üçün səylərini səfərbər etməyə çağırırıq".