Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 25 aprel — Sputnik. Azərbaycanda göllərin quruması ciddi narahatlıq doğurur. Ötən gün açıqlanan rəsmi məlumata görə, artıq Acınohur gölü bu təhlükə ilə üz-üzədir.
Sputnik Azərbaycan xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərovun sözlərinə görə, Acınohur gölündə su ehtiyatı yoxdur və qurumağa doğru gedir. O qeyd edib ki, havalar da getdikcə istiləşir və təxminən gölə 80 metrə qalmış bataqlıq əmələ gəlib.
M.Qənbərov bildirib ki, göldə suyun səviyyəsinin azalmasının əsas səbəbi iqlimlə əlaqəlidir: "Yağış yağan zaman sululuq artır, əksi olduqda isə su azalır".
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, gölün qurumasına antropogen amillər də təsir edə bilər: "Əgər o gölə gələn suların qarşısı kəsilibsə, gölün qurumasına bu da təsir edə bilər. Digər səbəb isə iqlim dəyişmələridir. İqlim dəyişkənliyi göllərin qurumasına təsir edir. Buna görə də suyu qənaətlə işlətmək lazımdır", - deyə R.Məmmədov bildirib.
Xatırladaq ki, son dövrlərdə ərəb turistlərin Acnohur gölü ətrafında nadir quşları ovlaması Azərbaycanda böyük rezonans yaratmış və əhalidə haqlı etiraz doğurmuşdu. Bundan əvvəl isə ekoloqlar yerli məmurların Acnohur vadisində iqlimə və biomüxtəlifliyə neqativ təsir göstərən biznes layihələri həyata keçirməsindən narahatlıqlarını dilə gətirmişdilər.