Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 24 aprel — Sputnik. İlin müxtəlif vaxtlarında havada toz dumanı müşahidə olunur. Elə ötən günlərdə də bənzər hava şəraiti hökm sürürdü.
Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı növbəti monitorinqin nəticələrinə görə, tozlu havaya səbəb şimal-qərb küləyinin sürətinin 15-20, arabir 23-27 m/s-dək güclənməsi nəticəsində istehsal sahələrində və torpağın üst səthində formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxması olub. Avtomat monitorinq stansiyalarından əldə olunan məlumatlara əsasən, havada tozun miqdarı normadan 1,6 dəfə çox olub.
Hava ilə bağlı açıqlama: "Öz" tozumuzdur>>
Maraqlıdır, anoloji hava şəraitinin COVID-19 xəstələrinə təsiri necədir?
Pulmonoloq Əsəd Beydullayev bu barədə Sputnik Azərbaycan-a açıqlamasında danışıb və anaoloji hava şəraitində belə xəstələrə tövsiyələrini açıqlayıb:
"Bitkilərin tozlanma fəslində havada tozun miqdarı artır. Xüsusən də Bakıda küləkli hava, qumlu sahə çox olduğundan toz daha çox müşahidə olunur. Nəinki COVID-19 xəstələri, eyni zamanda da tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən digər şəxslər də belə dövrdə narahatlıq yaşayırlar. Hətta bəzi belə xəstələrdə bu dövrdə ağırlaşmalar da müşahidə olunur".
"Allergiyalı, xüsusən də bitki tozlarına qarşı allergiyası olan şəxslər belə dövrdə özlərini narahat hiss edirlər. Onlar belə olan halda çalışırlar ki, Bakıdan uzaq olsunlar, yaxud da qapalı mühitdə olsunlar", - deyə o əlavə edib.
Pulmonoloq bildirir ki, belə hava şəraiti koronavirusa yoluxmuş, hazırda da COVID-19 xəstəsi olan şəxslərə mənfi təsir edə bilər: "COVID-19 xəstələri, ağciyəri zədələnən xəstələrdə bu cür hava şəraitində tənəffüs çatışmazlığı ortaya çıxır. Ağciyər zədələnməsi olan xəstələr belə hava şəraitindən daha çox əziyyət çəkirlər".
"Toz-duman olduqda, küləkli hava şəraitində, xüsusən də gündüz saatlarında bu şəxslərə çöldə olmamaq məsləhət görülür. Çünki maşınlardan atmosferə buraxılan tullantılar da buna əlavə olunduqda, vəziyyət bir qədər də gərginləşir. Belə şəxslərə xüsusən də küləksiz havalarda çölə çıxmaq tövsiyə olunur. Bundan başqa, maska taxmaq bu şəxslər üçün daha faydalı olar. Bu səbəbdən deyərdim ki, ağciyər problemi olan və çiçək tozlarına qarşı allergiyası olanlar maskalardan mütləq şəkildə istifadə etsinlər", - deyə o əlavə edib.