Arslan Növrəsli: Uşaqlar yaşıdları ilə oynayanda, biz zamanımızı musiqiyə həsr edirdik

Arslan Novrasli - Sputnik Azərbaycan, 1920, 24.04.2021
Abunə olmaq
Cazda ilklərə imza atan sənətkar: "Mediadan, sosial şəbəkələrdən uzaq durmağım yaradıcı insan olmağımdan irəli gəlir. Hər gün efirə çıxsam, istədiyim səviyyədə yeniliklərlə çıxış edə bilməyəcəyəm. Tapıntılar etməyə vaxt olmayacaq. İnsan hər zaman üzərində çalışmalıdır".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 24 aprel — Sputnik. Tarda caz deyiləndə onun adı yada düşür. Mübaliğəsiz demək olar ki, o, caz kompozisiyaları, klassik ənənəvi caz standartlarını milli alətdə təqdim edən ilk tarzəndir. Söhbət Azərbaycan tar ifaçılıq sənətinə və repertuarına çoxsaylı ilklər bəxş edən Arslan Növrəslidən gedir. Mediadan uzaq gəzən sənətkarı sizə bir daha tanıtmaq üçün onun qonağı olduq. Bu gün onun 40 yaşı tamam olur. Tarzən özü və sənəti barədə Sputnik Azərbaycan-ın suallarını cavablandırıb:

"Mediadan, sosial şəbəkələrdən uzaq durmağım yaradıcı insan olmağımdan irəli gəlir. Hər gün efirə çıxsam, istədiyim səviyyədə yeniliklərlə çıxış edə bilməyəcəyəm. Tapıntılar etməyə vaxt olmayacaq. İnsan hər zaman üzərində çalışmalıdır. Musiqiçi bir gün hazırlaşmasa, özü biləcək, iki gun hazırlaşmasa, professional dinləyici hiss edəcək. Üç gün və daha artıq məşqsiz qalarsa, hər kəs biləcək ki, musiqiçi öz üzərində işləmir. Biz bunu düşünürük. Bəzən televiziyalardan zəng edib deyirlər ki, "sabah efirə çıxa bilərsiniz?" Axı mən efir xatirinə verlişlərə çıxmaq üçün formalaşan biri deyiləm. Mən o cür inkişaf etsəydim, bu gün sənətkar olmazdım. Daim yeniliklərə can atmışam. Razıyam, biz də efirə çıxmalıyıq ki, insanların musiqi zövqü formalaşsın. Amma televiziyalar bu mənada son dərəcədə diqqətli olmalıdır, dəvət etdiyi sənətkarı düşünüb onunla çıxışa hazırlaşmalıdırlar. Hər kəs tək öz işinə deyil, həm də dəvət etdiyi sənətkarın işinə və özünə hörmət edib məsuliyyətli olmalıdır".

"Biz, qardaşlar ziyalı ailəsində anadan olmuşuq. Valideynlərimiz mənən incəsənətə çox yaxın insanlardır. İnkişaf etmək üçün daim zəhmət çəkmişik. Bəzən deyirlər, əziyyət deməyin. Amma inandırım sizi, əziyyətimiz də az olmayıb. 7 yaşlı uşaqlar öz yaşıdları ilə oynayanda, bizlər o zamanımızı musiqiyə həsr etmişik. 10-14 saat məşq etdiyimiz vaxtlar olub. Şahin pianoda, Nurlan kamançada, mən isə tarda. Evimizdə bütün janrlarda professional musiqi səslənib. Mən hansısa muğamı, Şahin klassik əsəri məşq edib. Tədricən Şahinin caza meyl etməsi ilə mənim də caza olan marağım artmağa başlayıb", – deyə A. Növrəsli əlavə etdi.

Azərbaycan cazında sözün əsl mənasında inqilab edən Növrəsli muğam sənətini öyrəndiyi ustadlarını yad etməyi unutmadı: "Bülbül adına orta ixtisas musiqi məktəbində muğam fənnini Sərvər İbrahimovdan, not ixtisasını Məhərrəm Məmmədovdan öyrənmişəm. O vaxt Sərvər müəllimin artıq 70 yaşı var idi. Bir gün dərs zamanı mənə dedi: "neynedin, Arslan?". Cavabında səhv ifa elediyimi bilib dedim: "səhv elədim". Dedi, "sən səhv etdin, mən öyrəndim". Soruşdum, "müəllim, hansı yerdə səhv ifa etdim?", dedi, "onu deməzlər". O boyda sənətkar sənəti olan insan iki kəlmə ilə azyaşlı şagirdinə həm sənət, həm də həyat dərsi keçmişdi. Məhərrəm müəllimin klassik repertuarın tədrisi sahəsindəki dərsləri nəticəsində hələ məktəb illərində dəfələrlə müsabiqələr laureatı və qalibi olmuşam".

"Konservatoriyada isə muğam dərslərini Vamiq Məmmədəliyevdən, not ixtisasını Məmmədağa Kərimovdan öyrənmişəm. Yadımdadır, Vamiq müəllimin hər birimizə fərdi şəkildə dərs deməsi ilə yanaşı, eyni zamanda onun ifasını yazıb, yenidən dinləməyimiz muğama dərindən bələd olmamıza böyük kömək etmişdi. Məmmədağa müəllim ilə 1999 – 2005-ci illərdəki dərin düşüncəli, rəngarəng dərslərimiz, sinif konsertləri ve həmin konsertlərdə ilk dəfə ənənəvi caz standartlarından ibarət çıxışlarım yada düşür".

Tarzənin sözlərinə görə, muğam və caz intellektual janrlardır. Bu janrları öyrənmək üçün ən birincisi, sən gərək uşaqlıqdan bu musiqinin abu - havası ilə böyüyüb sevəsən, onlarla yaşayasan, yetəri qədər hərtərəfli hazırlıqlı olasan: "Muğam, caz, klassik əsərləri dinləmək insandan intellekt tələb edir. Hər insanın dinləmə bacarığı olmur ki, hələ üstəlik lazımi professional dərəcədə ifa da edə bilsin. Elə götürək sosial şəbəkələri. Klassik əsər, jazz, muğam paylaşılanda baxış sayı çox az olur. Lakin buna baxmayaraq bu janrlar ildən-ilə daha da zənginləşir, qiymətsiz olur. İndiki saysız-hesabsız yazılmış mahnılar isə, yüksək baxış sayı toplasalar belə, bir müddət sonra unudulur. Mən də bəzən istirahət zamanı estrada, şanson musiqisinə qulaq asıram. Amma çalışıram ki, həmişə dərin musiqiyə qulaq asım. Bu, bir növ musiqiçinin mütaliəsi sayılır". 

"Tələbəlik illərimdə bir dəfə dəyərli sənətkar Firuz Əliyevin sinfində dinləyici olaraq iştirak edirdim. İkilikdə qaldığımızda jazz ifa etməyimi xahiş etdi. Mən də jazın "blue" janrında improvizələr ifa etdim. Firuz müəllim dinlədikdən sonra dedi ki, "bu, səndə elə-belə deyil. Cazz və muğam sənin canına hopub".

Ziyalı ailəsində böyüyən müsahibimiz bildirir ki, mühit insanı formalaşdırır: "Hansı mühitdə yetişmisənsə, o mühitə uyğun insan olacaqsan. Təəssüf ki, indiki mühit cavanlarımızı yaxşı istiqamətə yönəltmir. Mən musiqi baxımdan söyləyirəm. İstəyərdim ki, televiziyalar, radiolar intellektual musiqiyə daha çox yer ayırsınlar. Yeniyetmələrin musiqi zövqünün formalaşması üçün, bu, çox vacibdir. Məsələn, mən öz övladlarıma efirdə səslənən hər musiqini dinləməyə icazə vermirəm. Övladlarıma tar sədalarıni chox dinledirem. Hetta bezen mən məşq edəndə onlar o musiqinin sədaları altında yuxuya gedirlər. Çalışıram onların zövqləri gözəl musiqiyə köklənsin. Bunun özü də bir mədəniyyətdir. Mütəmadi olaraq bayağı musiqi dinləyən insanın səviyyəsi də elə həmin musiqiyə uyğun olur". https://www.youtube.com/watch?v=hImoluZHLrU

Müsahibimiz deyir ki, pandemiya dövründə bir çox səfərlər təxirə düşsə də, virtual olaraq xarici dinləyicilər üçün ustad dərsləri keçir, həm muğam, həm klassik Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini xarici tələbələrə öyrədir. Ən maraqlı məqam isə cazın milli dəyərlərimizlə sintezinin qarşılanmasıdır.

Musiqiçinin sözlərinə görə, tarda jazzın ifası heç də həmişə birmənalı qarşılanmayıb. Onu buna görə qınayanlar da olub: "Hər bir yenilik yaxşı qəbul olunmur. Elə götürək Vaqif Mustafazadəni. Amma bu gün musiqişünaslar artıq mənim ifa tərzimi araşdırır. Öz elmi işlərində, bakalavr, magistr dissertasiyalarında təhlil edirlər. Mən hal –hazırda Azərbaycan Milli Konservatoriyasında müəllim kimi fəaliyyət göstərirəm. Sinfimdə təhsil almayan tələbələr belə, dərsimdə dinləyici kimi iştirak edirlər. Elə olur ki, dərsin çox böyük hissəsi jazz ifası, onun tətbiqi barədə söhbətlərə sərf olunur. Təssüflə qeyd etməliyəm ki, hələ də bizdə bu ixtisas üzrə şöbə yoxdur. Biz muğamla paralel yalnız klassik əsərlər keçirik. Jazzın tarda ifası isə yeni bir yoldur. Niyə də olmasın? Gənclər yeniliyə çox meyllidirlər".

"Gərək bütün musiqi janrlarının tətbiqinə açıq olasan. Bütün dünya musiqi istiqamətlərini dinləyəsən. Mənə sual verirlər, "hansı musiqini sevirsiz?", "əsl musiqini sevirəm" deyirəm. Əsl, gözəl musiqinin vətəni olmur".

Sənətkarın uşaqlığı, yaradıcılığa başladığı dövr 20 Yanvar hadisələri, Qarabağımızın işğalı dövrünə təsadüf edir. Bu da onun yaradıcılğında özünü əks etdirir: "Bir dəfə Parisdə kilsədə keçiriləcək konsertimiz öncəsi ermənilər əllərində plakatlar və braşürlarla toplaşmış, həmişə olduğu kimi öz "saxta həqiqətlərini" yeritmək üçün cəhdlər edirdilər. Həddən artıq qəzəbli idim.Mənim qara frakda, əlimdə tarla içəri daxil olmağım sanki ətrafı bir anlıq sükuta qərq etdi. Emosional durumum ifa etdiyim əsərlərdə daim özünü göstərir. Bu dəfə də belə oldu. Bəzən sözün və əməlin edə bilməyəcəyinə musiqi ilə qısa zamanda nail olmaq mümkündür. Bu, "Justice for Khojaly" layihəsi çərçivəsində Xocalı Soyqırımının növbəti ildönümü ilə əlaqədar tədbirlər silsiləsindən olan konsertdə baş vermişdi."

"Faciəvi günlərə həsr olunmuş konsertlərdəki ifalarımda daim hüzn, kədər hissi önə çıxır. Lakin hazırkı dövr ifalarımda dinləyicilər qələbə və fəxarət ruhunu hiss ede bilerler. Bundan sonra xarici səfərlərə gedəndə artıq alnı açıq gedəcəyik. İnşallah imkan yaranan kimi qardaşlarımla bərabər Şuşaya getmək, orada çıxış etmək fikrimiz, arzularımız var. Mən orada olmamışam. Daim doğma şəhərimizin xəyalı ilə yaşayırdım. Şürüklər olsun ki, reallaşması elə də uzaqda deyil. Yeri gəlmişkən, növbədə olan planlardan danışsam, maraqlı bir layihəmizlə bağlı sizinlə bölüşə bilərəm. İlk dəfə olaraq Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri ilə birgə "Qarabağ şikəstəsi"ni yeni versiyada təqdim edəcəyik. Dirijor Hərbi Orkestrin rəisi, əməkdar incəsənət xadimi, polkovnik leytenant, layihənin bedii rəhbəri Rüfət Axundzadədir. Bu, bizim birgə reallaşdırdığımız ilk layihə deyil".

"Balıq susuz nəfəs almadığı kimi, mən də səhnəsiz yaşaya bilmirəm" deyir müsahibimiz. Növrəsli dünya ölkələrinin tamaşaçılarının bizim musiqidən nə qədər zövq aldığından, hər konsert sonrası fikir bölüşmələrindən ürək dolusu danışır:

"Məlumdur ki, insanın formalaşmasında genetikanın rolu danılmazdır. Həmsöhbətimizin ulu babası Mirzə Ələsgər Növrəs XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yaşayıb yaratmış dəyərli Azərbaycan şairi olmuşdur. O, Xurşidbanu Natəvanın rəhbərlik etdiyi "Məclisi Üns" ədəbi dərnəyinin fəal iştirakçılarından biri, eyni zamanda Mir Mövsün Nəvvabın rəhbərlik etdiyi "Məclisi Fəramuşan"un daimi qonaqlarından idi. Bu məclislərə o dövrün ən görkəmli şairləri və musiqiçiləri toplaşardılar. Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani zamanında Növrəsə şeirlə yazdığı məktubunda "Səlam olsun sənə, ey Kəbeyi-əhli-səfa, Növrəs" sözləri ilə Şamaxı ədəbi məktəbinin şairlərinin, "Səfa" cəmiyyətinin üzvlərinin onun yaradıcılığına hörmət və ehtiramını ifadə edib. Həmin məclisin ən gənc üzvü olduğuna görə, M.M.Nəvvab ona "Növrəs" təxəllüsünü vermişdir. M.Ə.Növrəs şairliklə yanaşı, həm də hüquqşünas olmuş, bir neçə dildə sərbəst danışmış, Krılovun təmsillərini Azərbaycan dilinə tərcümə etmiş ilk şair idi".

Xəbər verdiyimiz kimi, bu yaxınlarda hərbçilərimiz Şuşada məşhur Azərbaycan şairi Mirzə Ələsgər Növrəsin məzarını tapmışdılar: "Ulu babamız Mirzə Ələsgər Növrəsin məzarının tapılacağına ümidimiz demək olar ki, yox idi. Şuşa qəbiristanlığında şair Qasım bəy Zakir ilə yanaşı, onun da abidəsinin tapılması təkcə bizim üçün yox, ədəbi tariximiz üçün də silinməz izin varlığının təsdiqidir. Buna görə də mən öz adımdan ve bütün Növrəslilər ailəsi adından cənab Ali Baş Komandanızmıza minnətdarlığımı bildirirəm. Var olsun ki, 30 illik zillətdən sonra onun mübariz siyasəti nəticəsində minlərlə soydaşımızın Vətən həsrətinə son qoyulmuşdur. II Qarabağ müharibəsində canından keçmiş şəhidlərimizin ruhu şad olsun, yaralı qazilərimizə tez bir zamanda sağlıqlarına qovuşmalarını diləyirik. Azərbaycan xalqı daim onlarla fəxr edir."

Xəbər lenti
0