Aprelin 23-ü cümə günü keçirilən növbəti onlayn sessiyada "YouTube – öz ekspertlərinin və törəmə layihələrinin yaradılması üçün platforma kimi" mövzusuna həsr olunub. Vebinarın spikeri "Ukraina.ru" internet nəşrinin sosial şəbəkələr bölməsinin baş redaktoru Aleksandr Fomin idi.
Fomin "Rossiya seqodnya" media qrupunun ştatdankənar müəllif kimi Ukraynada (2017-ci ildə) fəaliyyətə başlayıb. Əvvəllər "Zvezda" televiziya kanalında ("Ukrayna Online: Şərq / Qərb" layihəsi) və Ukrayna mediasında çalışıb. Rusiyanın Xalqlar Dostluğu Universitetinin Beynəlxalq jurnalistika fakültəsini bitirib. Elə həmin universitetin aspirantıdır. Rusiya Federasiya Şurası yanında Blogerlər və Jurnalistlər Şurasının, həmçinin Rusiya Jurnalistlər Birliyinin üzvüdür.
O, vebinarda siyasi ekspertlərin tipologiyasına toxunaraq müsahibə vaxtı onlarla necə işləməyin yollarından bəhs edib, eləcə də tanınmamış şəxsdən ekspert yetişdirməyin vacibliyindən danışıb.
Spiker bildirib ki, öz ekspertini yetişdirməyin bir necə müsbət cəhəti var. Birincisi bu, əlverişlidir, çünki media orqanı vaxtında lazım olan şərhi əldə edə bilir. İkincisi, bu, mütəxəssislər qrupunu genişləndirməyə imkan verir. Üçüncüsü, öz ekspertinizin olması eksklüzivlikdir, çünki o yalnız sizin platformanızda çıxış edir.
Ekspertlərin tipologiyasından da danışan Aleksandr Fomin şərti olaraq onları qırmızı, sarı və yaşıl kateqoriyalara ayıraraq bir neçə məqama toxunub.
Fominin sözlərinə görə, qırmızı kateqoriyanın nümayəndələrinin öz üzərində işləməsinə ehtiyac var. Onlar mövzuya tam hakim olmur və fikirlərini dəqiq ifadə edə bilmirlər.
Sarı kateqoriyaya aid ekspertlər hər hansı bir mövzuda yaxşı yazsalar da, şifahi nitqdə fikirlərini kifayət qədər uğurla çatdıra bilmirlər.
Eləcə də, bu kateqoriyaya mövzunu yaxşı bilən, lakin ictimaiyyət tərəfindən az tanınan mütəxəssislər, yaxud da tələb olunan format və auditoriya üçün uyğun olmayan ekspertlər daxildir.
Fomin "yaşıl" kateqoriyaya öz sahəsində yaxşı tanınan və kanalın baxış sayını artıran müəyyən auditoriyaya sahib mütəxəssisləri aid edib. İşin mənfi tərəfi isə izləyicilərin uzun müddət öz ekspertini görməyəndə abunəlikdən çıxması ilə bağlıdır. Bundan əlavə, belə mütəxəssislə daimi əməkdaşlıq barədə razılığa gəlmək çətindir.
Spiker, həmçinin ekspertlərlə işi daim davam etdirməyi, onları efirə hazırlamağı, tələb olunan atmosferi yaratmağı məsləhət görüb və bildirib ki, belə olarsa, nəticə özünü çox gözlətməyəcək.
SputnikPro – Sputnik Beynəlxalq Xəbər Agentliyi və radiosunun jurnalistlər, universitetlərin müvafiq ixtisas üzrə təhsil alan tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media mütəxəssisləri üçün xarici həmkarlarla təcrübə mübadiləsinə imkan verən, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafına yönəlmiş layihəsidir.
Müxtəlif formatlarda fəaliyyət göstərən layihədə indiyə kimi 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə və Estoniyada üz-üzə formatda ustad dərsləri keçirilib.
SputnikPro layihəsi ilə bağlı, spikerlərin vebinar və ustad dərslərində nə barədə danışdıqları haqda daha geniş məlumatı aşağıdakı linkə daxil olmaqla əldə etmək mümkündür:
https://www.facebook.com/SputnikProject/