BAKI, 20 aprel — Sputnik. "Azərbaycan Respublikası vətəndaşlarının daha çox səfər etdikləri və yaşadıqları ölkələrdən biri olan Rusiya Federasiyasında da pandemiya dövrününün tələblərindən irəli gələrək miqrantlarla bağlı bir sıra güzəştlər qəbul edilib". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib.
O bildirib ki, bu istiqamətdə Rusiya Federasiyasında 18 aprel 2020-ci il tarixdə “Yeni növ koronavirus infeksiyasının sonrakı yayılma təhlükəsi ilə əlaqədar olaraq Rusiya Federasiyasındakı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinin tənzimlənməsinə dair müvəqqəti tədbirlər haqqında” müvafiq Fərman imzalanıb. Bu Fərmanda nəzərdə tutulan miqrantlarla bağlı yumşaldıcı tədbirlərin vaxtı bir neçə dəfə artırılıb və sonuncu dəfə bu müddət 15 iyun 2021-ci ilə qədər uzadılıb: "Ümumən pandemiya ilə bağlı müxtəlif ölkələrdə miqrantlara təqdim edilən güzəştlərin müddətləri müxtəlif qaydalarda müəyyən edilir və mütəmadi uzadılması praktikası mövcuddur. Ölkəmizdə də hazırda 1 iyun tarixinədək oxşar yanaşma tətbiq edilir.
Rusiyada qeyd edilən Fərmana əsasən 15 mart 2020-ci il tarixdən 15 iyun 2021-ci il tarixədək Rusiyada olan və pandemiya səbəbindən ölkəni tərk edə bilməyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma, müvəqqəti və daimi yaşama müddətləri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə və ya yaşadığı ünvan üzrə qeydiyyata alındıqları müddətlər qeyd olunan tarixlərdə bitirsə, müddət axımı dayandırılmış hesab olunub. Qeyd edilən tarixlərdə daimi və müvəqqəti yaşama icazələrinin və miqrasiya kartının etibarlılıq müddətinin bitməsinin də müddət axımı dayandırılıb. Həmçinin mövcud vəziyyət nəzərə alınmaqla 15 mart 2020-ci il tarixdən 15 iyun 2021-ci il tarixədək barələrində könüllü və ya məcburi olaraq Rusiya Federasiyasından inzibati qaydada kənara çıxarılma, deportasiya həyata keçirilmir, həmçinin müvəqqəti olma müddətinin qısaldılması, əvvəllər verilmiş daimi və müvəqqəti yaşama, həmçinin iş icazələrinin, eləcə də patentlərin ləğv edilməsi barədə qərarlar qəbul edilmir (fərmanda verilmiş istisnalar xaricində)".
Vüsal Hüseynov həmçinin bildirib: "Qeyd edilənləri nəzərə alınaraq, Rusiya Federasiyasında olan və yaşayan, miqrasiya qanunvericiliyi baxımından sənədlərinin müddət axımı dayanan və ya sənədləri qaydasında olmayan Azərbaycan Respublikası vətəndaşlarının 15 iyun 2021-ci il tarixədək hüquqi statuslarının leqallaşdırması və qeyd edilən Fərmanda güzəştlərlə bağlı müəyyən edilən müddətin mümkün uzadılma halları üçün bu ölkənin miqrasiya qaydaları barədə yenilikləri izləmələri tövsiyə olunur".