Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 19 aprel — Sputnik. Azərbaycanda fermer quş qripi səbəbindən təsərrüfatındakı quşların tələf olduğunu iddia edir. Bu barədə Sputnik Azərbaycan-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, fərdi sahibkar Loğman Həsənov AİB-ə yazılı ərizə yazaraq bu barədə bildirib. E.Hüseynov deyir ki, Abşeron rayonu, "Bərk dərə" adlanan ərazidə quşçuluq sahəsi üzrə biznes fəaliyyəti göstərən fermerin təsərrüfatındakı quşlar fevral ayının 18-dən etibarən tələf olmağa başlayıb. E.Hüseynov bildirir ki, bununla bağlı o, Azərbaycan Qida Təhlükəsızliyi Agentliyinə (AQTA) zəng edərək məlumat versə də, qurum quşların quş qripi səbəbindən öldüyünü ört-basdır edib.
Sputnik Azərbaycan faktı araşdırmaq üçün L.Həsənovla əlaqə saxlayıb. Sahibkar bildirib ki, fevralın 18-dən martın 4-dək təsərrüfatında 248276 baş quş tələf olub: "Fevral ayının 18-dən yetişdirdiyimiz cins quşlar mütəxəssisimizə məlum olmayan səbəbdən tələf olmağa başladı. Ölümün bu tempdə artma sürətindən və ölən toyuqların göstəricilərindən tam qərara gəldik ki, bu, dəhşətli quş qripidir. Çünki quşların pipiyinin, ayaqlarının göyərməsi tamamilə quş qripinin əlamətləri idi".
L.Həsənov bildirir ki, fevralın 20-də təsərrüfatda olan bu problem barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) zəng edərək məlumat verib. AQTA-nın əməkdaşları fevralın 22-də hadisə yerinə gələrək, ölmüş quşlardan nümunələr götürüblər. Martın 2-də AQTA sahibkara rəsmi sənəd verərək təsərrüfatdaki xəstəliyin ornitoz, infeksion bronxit, pasterellyoz olduğunu bildirib. Bundan sonra ərazidə postlar qurulub. Daxili İşlər Nazirliyi, AQTA və Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlarının iştirakı ilə yer qazılıb 248276 ədəd toyuq yandırılaraq basdırılıb və ətraf tamamilə dezinfeksiya olunub.
Sahibkar deyir ki, AQTA-nın götürdüyü analizin cavablarında olan xəstəlik 2 həftə ərzində təsərrüfatı sıfır vəziyyətinə gətirmir:
"Dünya praktikasında belə bir şey olmayıb. Mən bu araşdırma ilə qətiyyən razı deyiləm. Təhlükəli quş qripinin varlığını cavabdeh qurum ört-basdır etmək üçün belə hərəkət edib. Mən ölmüş quşların cəsədlərindən nümunələri xüsusi soyuducuda saxlayıram ki, müstəqil bir qurumun obyektiv ekspertizasını əldə edim. Müxtəlif quşçuluq təsərrüfatlarından aldığım məlumatlar göstərir ki, başqa təsərrüfatlarda da quş qripi problemi var. Sadəcə bu faktlar ciddi cəhdlə gizlədilir və bəzi hallarda hətta tələf olmuş quşlar emaldan keçirilərək satışa çıxarılır. Bu bəla gizlədilərsə, Azərbaycanın quşçuluq təsərrüfatlarına, o cümlədən milli iqtisadiyyatımıza, istehlakçıların sağlamlığına böyük təhlükə və gələcəkdə quş qripi pandemiyası ola bilər!"
L.Həsənov yaranmış vəziyyətin onun maddi durumuna, sahibkarlıq fəaliyyətinə ciddi ziyan vurduğunu söyləyir. Onun sözlərinə görə, hazırda müxtəlif banklara yüksək məbləğdə kredit borcu var. Hazırda Expressbank ASC-yə 346883 AZN və Azərbaycan Beynəlxalq Bankına 172000 AZN kredit borcu olmaqla bərabər, 589000 AZN (beş yüz səksən doqquz min manat) quş yemi təchizatçılarına da borclanıb. Sahibkar evlərinin və əmlaklarının girovda olduğunu söyləyir.
AQTA-dan isə sorğumuza cavabda bildirildi ki, Abşeron rayonu, "Bərk dərə" adlanan ərazidə quşçuluq sahəsi üzrə fəaliyyət göstərən müəssisədə quşların kütləvi tələfatı ilə bağlı Agentliyin mütəxəssisləri tərəfindən müvafiq araşdırmalar aparılıb və zəruri tədbirlər həyata keçirilib. AQTA bildirir ki, ümumiyyətlə son iki ay ərzində media vasitəsi ilə əhaliyə ünvanlanmış müraciətlər nəticəsində AQTA-nın "1003–Çağrı Mərkəzi"nə ölkəmizin bəzi ərazilərində, o cümlədən parklarda quşların kütləvi tələfatı ilə bağlı bir sıra məlumatlar daxil olub və daxil olan hər bir məlumat araşdırılaraq müvafiq tədbirlər görülüb:
"Abşeron rayonu, "Bərk dərə" adlanan ərazidə quşçuluq sahəsi üzrə fəaliyyət göstərən müəssisədə quşların kütləvi tələfatı ilə bağlı AQTA əməkdaşları tərəfindən 21 fevral 2021-ci il tarixində müəssisəyə baxış keçirilib. Tələf olmuş quşlardan nümunələr götürülərək müayinə olunması üçün AQTİ-nin müvafiq laboratoriyasına təqdim olunub. Laborator müayinənin nəticələrinə əsasən, quşlarda qarışıq infeksion xəstəlik törədiciləri aşkarlanıb. Təlimata uyğun olaraq, tələf olmuş quşlar mütəxəssislərin iştirakı ilə biotəhlükəsizlik qaydalarına uyğun məhv edilib. Müəssisə AQTA-nın baytar müfəttişləri tərəfindən nəzarətə götürülüb və hazırda müvafiq qurumlarla birgə təsərrüfatda sağlamlaşdırıcı tədbirlər davam etdirilir".
Qeyd edək ki, son günlər müxtəlif ölkələrdə quş qripi yayılıb. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Almaniya Federativ Respublikasının Berlin şəhərində, Çexiya Respublikasının Kraloveqradetsk, Moraviya–Sileziya, Ustetsk, Zlin, İsveç Krallığının Vestmanland, Sordermanland, Halland inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşlarından ibarət işçi qrupu ölkə ərazisində yüksək patogen quş qripinə aid epizootik vəziyyəti qiymətləndirmək məqsədilə 12 aprel tarixindən növbəti epizootoloji monitorinqlərə başlayıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Almaniya Federativ Respublikasının Berlin şəhərindən, Çexiya Respublikasının Kraloveqradetsk, Moraviya–Sileziya, Ustetsk, Zlin, İsveç Krallığının Vestmanland, Sordermanland, Halland inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Almaniya Federativ Respublikasından, Çexiya Respublikasından və İsveç Krallığından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.