Sahibə Qafarova Valentina Matviyenko ilə görüşüb

Görüş - Sputnik Azərbaycan, 1920, 16.04.2021
Abunə olmaq
"Həm Milli Məclisdə, həm də Federal Məclisdə fəaliyyət göstərən dostluq qrupları pandemiya başa çatandan sonra öz fəaliyyətlərini daha sıx şəkildə davam etdirəcəklər", - Spiker.

BAKI, 16 aprel — Sputnik. Bu gün Sankt-Peterburqa səfər çərçivəsində Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin sədrini və Azərbaycan nümayəndə heyətini salamlayan Valentina Matviyenko bildirib ki, bu səfər iki ölkə arasında mövcud olan sıx parlamentlərarası əlaqələrin daha da inkişafı baxımından çox əhəmiyyətlidir. Qeyd edilib ki, Rusiya və Azərbaycanın əlaqələri strateji müttəfiqlik səviyyəsindədir. Ölkələrimiz arasında münasibətlərin dinamik inkişaf etdiyini bildirən Valentina Matviyenko münasibətlərin daha da dərinləşməsində iki ölkə prezidentlərinin rolunu xüsusi vurğulayıb. O, Azərbaycan və Rusiyanın qanunverici orqanları arasında əməkdaşlığı yüksək qiymətləndirərək söyləyib ki, bu əlaqələr ölkələrimiz arasında münasibətlərə mühüm töhfə verir.

Federasiya Şurasının sədri üçtərəfli 10 noyabr bəyanatından danışaraq qeyd edib ki, bu sənəd regionda sülhün təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Valentina Matviyenko Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə də toxunaraq Mərkəzin düzgün və obyektiv məlumatların verilməsində müsbət rol oynayacağına inamını ifadə edib. Söhbətdə region dövlətləri arasında əməkdaşlığın dərinləşməsinin əhəmiyyəti də qeyd olunub.

Milli Məclisin Sədri Sahibə Qafarova görüşdən məmnunluğunu ifadə edərək bildirib ki, bu qəbildən olan görüşlər iki ölkə arasında münasibətlərin inkişafına yeni impuls verir. O, deyib ki, Azərbaycan və Rusiyanın MDB PA çərçivəsində əməkdaşlığı iki ölkənin qanunvericilik orqanları arasında münasibətlərin inkişafında müsbət rol oynayır. Bildirilib ki, son zamanlar ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq daha intensiv xarakter alıb və bir çox sahələri əhatə edir.

Parlamentlərarası münasibətlərə toxunan Milli Məclisin Sədri Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişafında hər iki ölkənin parlamentlərinin rolunu qeyd edib. Sahibə Qafarova bildirib ki, həm Milli Məclisdə, həm də Federal Məclisdə fəaliyyət göstərən dostluq qrupları pandemiya başa çatandan sonra öz fəaliyyətlərini daha sıx şəkildə davam etdirəcəklər.

Milli Məclisin Spikeri MDB PA-nın yaz sessiyası çərçivəsində terrorizmlə mübarizəyə həsr olunmuş konfransın keçirilməsini alqışlayaraq qeyd edib ki, terrorizm müasir dövrün ən qorxulu çağırışlarından biridir. Artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan münaqişəsinin həllindən danışan Sədr 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın önəmini qeyd edib və əlavə edib ki, bu sənəd bölgədə uzunmüddətli sülh və təhlükəsizliyə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir. O, ölkəmizin sənəddən irəli gələn bütün vəzifələri tam şəkildə yerinə yetirdiyini diqqətə çatdırıb.

Spiker Sahibə Qafarova təəssüflə bildirib ki, Ermənistan tərəfinin Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinə gizli şəkildə hərbçilər göndərməsi barədə informasiyalar daxil olur. Azərbaycan tərəfində olan məlumata görə, döyüş əməliyyatları başa çatdıqdan sonra Ermənistanın Şirak vilayətindən, Gümrü şəhərindən və ətraf rayonlardan tərkibi 60 nəfərdən çox olan dəstələr Laçın dəhlizi vasitəsi ilə Azərbaycan ordusunun nəzarət etdiyi ərazilərə göndərilib və bu diversiya qrupları Azərbaycan hərbçilərinə və dinc əhaliyə qarşı terror aktları törədiblər. Bu, birgə bəyanatın bəndlərinin kobud şəkildə pozulmasıdır, regionda sülhün və təhlükəsizliyin təminatına zərər verir.

Sahibə Qafarova Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsinə toxunaraq qeyd edib ki, Ermənistan minalı ərazilərin xəritəsini hələ də Azərbaycana təqdim etməkdən boyun qaçırır. Bu isə beynəlxalq hüquq normalarına ziddir, hərbi cinayətdir. Sədr beynəlxalq ictimaiyyətin bu məsələdə Ermənistana təzyiq göstərməsinin də vacib olduğunu qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0