BAKI, 15 aprel — Sputnik. Türkiyədə növbəsi çatsa belə hər dörd nəfərdən biri peyvənd olunmaqdan imtina edir. Artıq ölkənin Səhiyyə Nazirliyi insanları peyvənd vurdurmağa inandırmaq üçün tədbirlər görməyə başlayıb. Sputnik Azərbaycan bu barədə "Haberglobal"-a istinadla məlumat yayıb.
"Peyvənd komandaları yaradılacaq və onların üzvləri ev-ev gəzərək insanların hansı səbəbdən vaksinasiya olunmaq istəmədiklərini araşdıracaqlar", – deyə məlumatda bildirilir.
O da qeyd olunur ki, indiyə kimi növbəsi çatdığı halda 65 yaşdan yuxarı insanların 23,6 faizi peyvənd olunmaqdan imtina edib. Odur ki Səhiyyə Nazirliyi insanların hansı səbəbdən peyvənd olunmaq istəmədiklərini yerində araşdırmaq qərarına gəlib. Ailə həkimlərinin başçılığı ilə bu qruplar ev-ev gəzərək vaksinasiya olunmaq istəməyənləri dilə tutacaq.
Məqsəd vaksinasiya olunanların sayını artırmaqla koronavirusa yoluxma hallarının qarşısını almaqdır.
Qeyd edək ki, iyun ayının sonlarına kimi Türkiyədə 40 yaşdan yuxarı bütün vətəndaşların peyvənd olunması planlaşdırılır.