BAKI, 14 aprel — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" layihəsi davam edir. Sputnik Azərbaycan xəbər verir ki, layihə çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır. Müqəddəs Ramazan ayının başladığını nəzərə alaraq bu dəfəki maarifləndirici mövzumuz "Ramazan ayında düzgün və balanslı qidalanma" haqqında olacaq.
Ramazan ayında oruc tutan şəxsin qidalanma rejimi adi günlərdəki qidalanmadan tam fərqlənir. Bu ayda balanslı və keyfiyyətli qidalanmaya daha çox diqqət etmək lazımdır. Yaz fəslinə təsadüf etdiyindən oruc tutarkən aclıq və susuzluğu daha çox hiss etmiş oluruq. Bu səbəbdən imsaq və iftarda tərkibində maye olan qidalar qəbul edilməlidir. Orqanizmin ehtiyacı olan vitaminlərin, mineralların yetərli miqdarda, balanslı olaraq qəbulu mühümdür. Bu maddələrlə zəngin qidaların kifayət qədər qəbul edilməməsi orqanizmə mənfi təsir göstərir və insan özünü pis hiss edir, fiziki və əqli iş qabiliyyəti zəifləyir. Bu baxımdan imsaq və iftar zamanı faydalı qidaların qəbul olunmasından əmin olmaq lazımdır.
Nəinki ramazan ayında imsaqda, adi günlərdə belə, səhər yeməyi mütləq yeyilməlidir. Xüsusilə pandemiya zamanı immun sisteminin zəifləməməsi üçün imsaqda qidalanmaya mütləq diqqət etmək lazımdır. Əgər imsaqda düzgün qidalansaq, gün ərzində həm su, həm də enerji balansımızı qorumuş olarıq. Özümüzü yorğun və halsız hiss etmərik. Əksər insanlar imsaq zamanı yeməkdən imtina edirlər. Lakin gün ərzində suya və qidaya olan tələbatı ödəmək üçün imsaqda mütləq yemək lazımdır. Bu, oruc vaxtı sizi yorğunluq və halsızlıqdan qoruyar. Mütəxəssislər imsaqda toxluq müddətini uzadan, bədəndə su saxlayan qidalara üstünlük verməyi tövsiyə edirlər. Həzm problemi yaşamamaq, qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli qidalardan istifadə artırılmalıdır. Tərkibində mürəkkəb karbohidratlar, zülallar, vitamin və minerallar, orqanizm üçün xeyirli yağlar olan məhsullar orqanizmin dözümlülüyünü və toxluq hissini daha uzunmüddətli edir.
Orucu ilıq su ilə açmaq lazımdır. 1-2 stəkan su içdikdən sonra zeytun, xurma, tərəvəz salatı və göy-göyərti yemək daha uyğundur. 15-20 dəqiqə fasilədən sonra isə əsas yeməklərə başlamaq olar. Mütəxəssislər hesab edirlər ki, fasilələrlə qidalanmaq daha çox faydalıdır. Normadan artıq və fasiləsiz qida qəbul etmək ziyandır. Yeməyə ilk olaraq sulu yeməklərdən başlamaq məsləhətdir. Birbaşa quru qidanın qəbulu həzm problemləri yarada bilər. Həzm sisteminin fəaliyyəti pozulduqda qəbizlik, şişkinlik, qarında qaz problemləri müşahidə oluna bilər. Bu halda bağırsaqların fəaliyyətini yaxşılaşdırmaq məqsədilə qatıq istehlakı artırılmalı və daha çox meyvə-tərəvəzə üstünlük verilməlidir. Həmçinin qəbul olunan qidalar yaxşı çeynənməlidir ki, həzmdə problem yaranmasın. Əsas yeməklərdən bir neçə çeşid varsa, birinə üstünlük verilməlidir. Mümkün qədər az yağlı yeməklər qəbul edilməlidir. Xəmir xörəklərinin, qızartmaların, tərkibində sous olan kalorili yeməklərin Ramazan ayı boyunca iftar süfrələrində yer almaması tövsiyə olunur. Acılı, müxtəlif ədviyyatlı qidaların, həmçinin turşuların qida rasionuna daxil edilməsi məqsədəuyğun deyil. 1-2 dilimdən artıq çörək yemək məsləhət görülmür.
İftar zamanı normadan artıq və fasiləsiz qida qəbul etmək ziyandır. Hətta gecədən səhər saatlarına kimi yeyən insanlar da var. Bu, tibbi baxımdan düzgün sayılmır. İftarda sürətli yemək mədə problemləri başda olmaqla, qan şəkəri və təzyiqin yüksəlməsinə səbəb olur. Uzun müddət ac qalan mədəni qəfildən yükləməyin, kiçik hissələri yaxşıca çeynəmək şərti ilə yavaş-yavaş və uzun müddətə yeyin.
Yeməklərdən dərhal sonra şirniyyat qəbulu artıq çəkiyə səbəb olur. Şirniyyat, adətən, yeməkdən 1-2 saat sonra qəbul edilməlidir. Şərbətli şirniyyatların əvəzinə yarım porsiya südlü şirniyyat daha məqbuldur. İftarla imsaq arası bol miqdarda su içilməsi tövsiyə edilir. Tünd qara çay və qəhvə kimi kofeinli içkilər içmək məsləhət görülmür. Maye olaraq bitki çayı, az şəkərli kompot, ayran və süd kimi məhsullar da bağırsaqların fəaliyyətinə müsbət təsir edir.
İftardan 1,5-2 saat sonra gəzməyiniz həzmə köməklik göstərəcək, zəifləyən metabolizmanızı sürətləndirəcək. Bu da çəkinizin artmasının qarşısını alacaq. Yatmazdan öncə qatıq yemək məsləhətdir. Bu, bədəndə suyun saxlanmasını tənzimləyir. Oruc tutanlar yuxu rejiminə də düzgün əməl etməlidirlər.