İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 10 aprel — Sputnik. Qazaxda yaşayan peşəkar rəssam kənddə fəaliyyət göstərsə də, özünün qeyri-adi tabloları ilə diqqət çəkir. Nəcməddin Hüseynov əsərlərini boyalarla yanaşı, şam tüstüsü, meyvə şirələrinin təbii rəngləri ilə ərsəyə gətirir.
Pandemiya dövründə rəssam yaşadığı Çaylı kəndində yaradıcılığını davam etdirib. Hətta o, oğlunun vasitəsilə iştirak etdiyi onlayn beynəlxaq müsabiqədə qalib gələrək qızıl medal qazanıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Nəcməddin Hüseynov Rusiyada Beynəlxalq Müasir İncəsənət Akademiyası və Rusiya Peşəkar Rəssamlar İttifaqının təsisçiliyi ilə keçirilən “Art Excellence Awards” müsabiqəsinin ən yüksək mükafatını alıb. Rəssam 2020-ci ilin bir sıra çətinliklərinə baxmayaraq yaradıcılığında uğurlu olduğunu söyləyib.
“Oğlum internetdə görüb ki, belə bir müsabiqə var. Yazıb, şəkillərini çəkib göndərib. Oradan 5 əsərimi seçdilər. Onlardan “Mənim babam” adlı əsər beynəlxalq sərgidə peşəkarlar arasında rəngkarlıq üzrə birinci yerə layiq görüldü. Bu, mənim üçün ən yüksək uğurdur”,- deyə N.Hüseynov məlumat verib.
13 nominasiya üzrə keçirilən beynəlxalq müsabiqədə rəssamın birinci yerə layiq görülməsi ilə əlaqədar diplom və medal onun yaşadığı ünvana göndərilib. Bununla yanaşı, rəssam Rusiya Peşəkar Rəssamlar İttifaqının üzvü seçilib və qurumun vəsiqəsi poçt vasitəsilə ona təqdim edilib.
Üç mindən artıq əsərin müəllifi olan rəssam qeyri-adi bacarığı ilə də diqqəti çəkə bilib. Belə ki, o, ölkədə ilk dəfə olaraq tüstü texnikasından istifadə edib. Yəni, nə fırçadan, nə də boyadan istifadə etmədən şam tüstüsü ilə rəsm əsərləri yaradır. O, rəng almağa imkan olmadıqda öz hisslərini tablolara bu üsulla köçürmək qərarına gəlib. Rəssam tüstü texnikasının onun xarakterinə uyğun olduğunu söyləyib: “Tüstünün üstün cəhəti odur ki, boyasız, fırçasız rəsm çəkmək olur. Tüstünün də forması var. Tüstünün, mənim fikrimcə, qalma müddəti yağlı boyadan çox olmalıdır. Bilirsiniz, tüstü texnikası mənim xarakterimə uyğundur. Nəyə görəsə onu üstün hesab edirəm”.
Qazax rayonunun Çaylı kəndinin sakini Nəcməddin Hüseynov tüstü ilə 30-dan çox əsər çəkib. Əsərlərinin, demək olar, hamısını özündə saxlayan rəssam onları öz övladı gözündə gördüyündən satmaq istəmədiyini deyib. Bununla yanaşı, ölkədə rəsm əsərlərinə marağın az olması səbəbilə satış probleminin olduğunu da bildirib. On ildir ki, Azərbaycan Rəssamlar İttifaqının üzvü olan rəssamın əsərləri bir sıra muzeylərdə və qalereyalarda nümayiş olunub.