Emin Əlisahib, Sputnik Azərbaycan
BAKI, 9 aprel — Sputnik. Ağdam rayonunda məktəblərdə COVID-19-a yoluxanların sayı artıb. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəhman Məmmədov bildirib ki, Birinci Yüzbaşılı, Alıbəyli, Əfətli, Mahrızlı, Baharlı 2, Dörd yol 2, 150 saylı məktəblər bağlanıb. Adıçəkilən məktəblərdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.
"Rayon ərazisində son vaxtlar COVID-19-a yoluxma hallarının sayı nisbətən artmışdı. Hazırda Bənövşələr məktəbində direktorda, riyaziyyat müəllimində karona aşkar olunub. Onun üçün də biz həmin məktəbdəki vəziyyəti öyrənib Respublika Gigiyena və Epidemiologiya mərkəzinə məlumat veririk. Onun əsasında qərar verilir", - Məmmədov bildirib.
Rəhman Məmmədov deyir ki, bağlanan məktəblərlə bağlı məlumatlar Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib və məsələnin ciddiliyi nəzərə alınaraq, məktəblərin bağlanması ilə bağlı qərar qəbul olunub.
"Müəllimlərdə aşkar olunduğu üçün 7 məktəbin bağlanaraq, distant təhsilə keçirilməsi qərarlaşdırılıb. Nazirlər Kabinetinin 10 sentyabr 2020-ci il tarixli 332 saylı qərarına əsasən Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bizə tapşırıq verilir. Təbii ki, bizim tərəfimizdən də sözügedən qərarla bağlı icra tədbirləri həyata keçirilir".
Eyni zamanda Ağdam rayonunda fəaliyyət göstərən bir sıra məktəblərdə siniflərin də bağlanılması qərara alınıb. Rayonun Əhmədağalı kənd tam orta məktəbində 2 sinif, Qaradağlı tam orta məktəbində 1 sinif, 87 saylı tam orta məktəbdə 1 sinif və 97 saylı məktəbdə1 sinifin fəaliyyəti dayandırılıb.
"Bununla yanaşı Qasımbəyli kənd orta məktəbində də bir nəfər müəllimdə COVID-19 testinin pozitiv çıxması ilə bağlı xəbər almışıq. Ona görə hazırda dezinfeksiya işləri həyata keçirilən məktəblərdə işlərimizi yekunlaşdırdıqdan sonra Qasımbəyli kənd orta məktəbinə də gedib araşdırma aparacağıq. Müvafiq qərar verilməsi üçün məlumatlar Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndəriləcək. Aidiyyəti üzrə tədbirlər görüləcək", - Məmmədov əlavə edib.
Qeyd edək ki, hazırda koronavirus aşkarlanan 7 məktəbdə dezinfeksiya işləri həyata keçirilir.