Gürcüstanın Kutaisi şəhəri bizim Gəncə ilə qardaşlaşmış şəhərdir ki, bu da heç də təəccüblü deyil. Çünki bu iki yaşayış məntəqəsinin ortaq cəhəti çoxdur. Hər iki şəhər zəngin tarix-mədəni keçmişə sahibdir.
Kutaisinin əsası hələ eramızdan əvvəl V əsrdə qoyulub. İndi bu şəhər Gürcüstana səyahətə gələn insanların ən sevimli turizm istiqamətlərindən birinə çevrilib. Bu şəhərdə olanların əksəriyyəti təsdiqləyir ki, Kutaisi dünyanın öz ruhu olan azsaylı şəhərlərindəndir. Bəs bunun səbəbi nədir? Qədimliklə müasirliyin ecazkar vəhdəti – şəhəri iki hissəyə bölən Rioni çayının ağ daşları ilə yamyaşıl parklar.
Qədim tikililərin ucaldığı ekzotik küçələr, rahat kafe və restoranlar, eləcə də, bu çoxəsrlik şəhərin gülərüz sakinləri ən tələbkar turistlərin belə diqqətini cəlb edir. Əgər şəhər içində gəzintidən sıxılsanız, Kutaisinin şəhərətrafı mənzərələrindən ləzzət ala bilərsiniz. Burada Gelati monastırı, Prometey mağarası, Mayakovskinin evi, Sataplia qoruğu və başqa gəzməli-görməli məkanlara baş çəkmək olar. Və əlbəttə ki, iştah açan gürcü yeməkləri ilə zəngin İmereti mətbəxini yada salmamaq olmaz.
Bu ölkədə koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlər yavaş-yavaş aradan qaldırılır. Gürcüstan artıq müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla da təyyarə uçuşlarını bərpa edib. Odur ki, əgər məzuniyyətə yollanmağı planlaşdırırsınızsa, turizm istiqamətlərindən biri kimi Kutaisini diqqətdə saxlamağı tövsiyə edirik.
Qeyd edək ki, Azərbaycan Gürcüstan üçün mühüm turizm bazarı hesab olunur. Pandemiyadan əvvəl, 2019-cu ildə ölkəmizdən Gürcüstana 1,5 milyondan çox insan səfər edib.