BAKI, 9 aprel — Sputnik. Dünya şöhrətli İtaliya rəssamı Mikelancelo Merisi de Karavacconun itmiş hesab edilən əsəri İspaniyada tapılıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Madriddəki Ansorena hərracına çıxarılan tablonun satışı İspaniya Mədəniyyət Nazirliyi tərəfindən dayandırılıb.
İlkin dəyəri 1500 Avro qiymətləndirilən əsərin 17-ci əsr ispan rəssamlarından Jusepe de Riberaya aid olduğu düşünülsə də, sonradan onun Karavacconun fırçasından çıxdığı iddia edilib.
Hazırda əsərin ölkədən xaricə çıxarılmasına qadağa qoyulub.
Tablonun Karavaccoya məxsus olduğu təsdiqlənərsə, onun dəyəri 150 milyon avroya qədər yüksələcək.