BAKI, 9 aprel — Sputnik. 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildikdən sonra ölkə başçısının təşəbbüsü ilə çoxsaylı sosial proqramlar icra olunur. Ötən dövr ərzində 20 min şəxs bu proqramlar çərçivəsində əhatə olunub.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, bu dövrdə 13 minə yaxın sosial ödənişlər təyin edilib, 4 minə yaxın şəhid ailəsi, müharibə əlili və müharibə iştirakçısı məşğulluq proqramlarına cəlb edilib.
"9 minə yaxın şəxs müxtəlif sosioloji-psixoloji reabilitasiyaya və digər xidmətlərə cəlb edilib. 7 mindən çox şəxsə 13 mindən çox sosial ödəniş həyata keçirilib. Bu proses davamlı olaraq icra ediləcək. Bütün şəhid ailələri, müharibə əlilləri sosial ödənişlərlə təmin olunacaqlar. Bu dövrdə 15 qazimizə tam elektron protezlər təqdim edilib. Bu proses il ərzində əzalarını itirmiş, amputasiyası olan, əlilliyi olan bütün şəxsləri əhatə edəcək".