BAKI, 7 aprel — Sputnik. Bir ildən artıqdır dünyanı əhatə edən koronavirus pandemiyası 3 milyona yaxın insanın həyatına son qoyub. Azərbaycanda isə bu günə qədər virusdan ölənlərin sayı 3600-dən çoxdur. Ölkədə COVID-19-a qarşı mübarizə çərçivəsində vaxtında atılan addımlar vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanda hər 1000 nəfər arasında peyvənd olunanların say göstəricisi 4,9 faizdir və bu, bir sıra qabaqcıl dünya ölkələri ilə müqayisədə ürəkaçan nəticə hesab oluna bilər. Peyvəndləmə göstəricilərinə görə Azərbaycan MDB ölkələri arasında da ön sıralardadır. Ölkədə vaksinasiya prosesi yanvarın 18-dən başlayıb və əhalinin 5,2 faizi peyvənd olunub.
Media Təhlil Mərkəzi (MTM) tərəfindən COVID-19 və vaksinasiya ilə bağlı ictimaiyyətin fikrini öyrənmək məqsədilə 29 mart-2 aprel tarixlərində növbəti sorğu keçirilib. 703 respondentin 51 faizini qadınlar, 49 faizini isə kişilər təşkil edib. Bu barədə mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, sorğuda iştirak edənlərin 61,4 faizi qohum və ya tanışlarının, 18,5 faizi özünün, 7,2 faizi isə ailə üzvlərinin koronavirusa yoluxduğunu bildirib. Respondentlərin 22 faizi tanıdıqları insanlardan heç birinin virusa yoluxmadığını vurğulayıb.
Nəticələr göstərir ki, sorğu iştirakçılarının 52,8 faizinin dost-tanışı, 35,4 faizinin ailə üzvü, 8 faizinin isə özü vaksinasiya olunub. Ətrafında heç kəsin vaksinasiya olunmadığını deyənlər respondentlərin 18 faizini təşkil edib.
Respondentlərin koronavirusa qarşı peyvənd olunmağa münasibəti də birmənalı olmayıb. Sorğuya əsasən, iştirakçıların 9,4 faizi peyvənd olunduğunu, 26,3 faizi yaxın müddətdə vaksinasiya olunacağını söyləyiblər.
Sorğuda iştirak edənlərin 29 faizi yalnız (iş, xaricə səyahət və s. səbəblərə görə) məcbur qaldığı halda peyvənd olunacağını qeyd etsə də, 27,3 faizi peyvənd olunmağı düşünmədiyini, 8 faizi isə ümumiyyətlə peyvənd etdirməyin əleyhinə olduğunu qeyd ediblər.
Qeyd edək ki, müvafiq sorğunu Sputnik Azərbaycan da keçirmişdi. Bizim respondentlərin 52 faizi qətiyyən vaksin vurdurmayacağını, 12.8%-i səbirsizliklə gözlədiyini, 20%-i qərarsız qaldığını bildirmişdi.