Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 7 aprel — Sputnik. "Nazilər Kabinetinin qərarlarına uyğun olaraq optimal iş təmin olunur. Çünki metropoliten elə bir sahədir ki, hər kəsi evə göndərib işi məsafədən idarə etmək mümkün deyil. O sahələr ki, evdən işləməlidir, bu təmin olunur. O sahələrdə ki, işçilər yaşa görə karantində olmalıdır, o da təmin olunur".
"Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov bu barədə Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, metropoliten işçilərin sağlamlığı ilə bağlı bütün məsələlər ən optimal səviyyədə qurulub: "Bundan başqa, işçilər arasında növbəlilik də təmin olunub. metropoliten elə bir sahədədir ki, burada işçinin dəyəri daha yüksəkdir. Peşəkar mütəxəssislər illərlə yetişdirilir", - deyə o əlavə edib.
B.Məmmədov bildirib ki, sərnişin olmasa da mərkəzləşmə məntəqə növbətçisinin daimi işi var: "Hər gün optimal hazırlıq səviyyəsinin qorunması üçün hansısa işlər görülür. Hərəkətin təşkili üzrə sahənin işçiləri bu tələblərə uyğun işə çıxırlar. Pandemiya ilə əlaqədar "Bakı Metropoliteni"ndə ixtisar olmayıb. Çünki metropoliten hər zaman hərəkətə hazır olmalıdır. Metropolitenin normativ sənədinə görə, işçilərin müəyyən hazırlıq səviyyəsi olmalıdır. Yəni, kadrların hazırlığı da xüsusi diqqət mərkəzindədir".
"Martda qatarlar şənbə-bazar günləri gündə bir neçə dəfə olmaqla adi iş rejimi vəziyyətində olduğu kimi işə salındı, yoxlanıldı", - deyə B.Məmmədov əlavə edib.