Züfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 6 aprel — Sputnik. Bir neçə gün əvvəl Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilən Əhməd Əhmədzadə ilə bağlı yeni qərar verilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Unikal.org" xəbər yayıb. Həmin xəbərdə qeyd olunub ki, Ə.Əhmədzadə Baş nazir Əli Əsədovun müşaviri təyin edilib.
Qeyd edək ki, bu barədə heç bir yerdə rəsmi məlumat öz əksini tapmayıb. Sputnik Azərbaycan məlumatı dəqiqləşdirmək üçün Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlayıb. İ.Məmmədov onda bu barədə heç bir məlumatın olmadığını söyləyib.
Xatırladaq ki, aprelin 2-də prezident İlham Əliyevin sərəncamı ilə Əhməd Əhmədzadə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. Onun yerinə Zaur Mikayılov təyin edilib.