BAKI, 5 aprel — Sputnik. Türkiyədə sabiq 96 millət vəkili Montrö konvensiyasını dəstəkləyən məktuba imza atıb. Bu barədə Sputnik Azərbaycan "Haberler.com"-a istinadən xəbər verir.
"Cümhuriyyətimizin əsas təməlləri müzakirə edilə bilməz! Kanal İstanbul həyata keçirilə bilməz! Montrö müzakirə edilə bilməz! Öncə sabiq 126 səfir Kanal İstanbul və Montrö razılaşması ilə bağlı açıqlama verdi. Ardından təqaüddə olan 103 admiral öz fikrini bildirdi. Şəxslər, qruplar və ya qurumların ölkə mənafeyi söhbət mövzusu olduqda öz fikirlərini bildirməkdən təbii nə ola bilər? Bu həm haqdır, həm də vətəndaşlıq borcudur. İstanbul razılaşmasının Konstitusiyaya zidd formada Prezident tərəfindən ləğv olunmasının verdiyi cəsarətlə sürətləndirilən Kanal İstanbul və Montrö razılaşmasına dair müzakirələrin gəldiyi nöqtə bizi bu açıqlamanı verməyə məcburi etdi", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bu gün Türkiyə polisi Montrö konvensiyasını dəstəkləyən məktuba imza atmış 10 nəfər ehtiyatda olan admiralı həbs edib.
Xəbərdə məktubu imzalayan daha dörd admiralın prokurorluğa dindirilməyə çağırıldığı qeyd olunur.
Həbs olunan admiralların adları da açıqlanıb: Erqun Mengi, Atilla Kezek, Alaettin Sevim, Ramazan Cem Gürdeniz, Nadir Hakan Eraydın, Bülent Olcay, Kadir Sağdıç, Türker Ertürk, Turgay Erdağ və Əli Sadi Ünsal. Engin Baykal, Cəmil Şükrü Bozoğlu, Mustafa Özbey və Atilla Kıyata isə 3 gün ərzində Baş Polis İdarələrinə gəlmələri üçün xəbərdarlıq olunub.
Qeyd edək ki, ötən bazar günü Türkiyənin 103 istefada olan admiralı məktub dərc edərək Montrö konvensiyasını Bosfor və Dardanel boğazlarına suveren hüquqlarını bərpa edən Türkiyənin diplomatik qələbəsi adlandırıb. Admirallar Qara dənizlə Mərmərə dənizini birləşdirəcək, Bosfor boğazına paralel olacaq "İstanbul" kanalının layihəsi ilə bağlı həmin razılaşmaya yenidən baxılması barədə müzakirələri yersiz adlandırıblar. Həmçinin məktubda Türkiyədə qüvvədə olan Konstitusiyanın saxlanmasına çağırışlar səslənir.
Məktubla bağlı Türkiyə Parlamentinin sədri Mustafa Şentop, vitse-prezident Fuat Oktay, Türkiyə Prezidenti administrasiyasının kommunikasiya departamentinin rəhbəri Fahrettin Altun, Prezidentin sözçüsü İbrahim Kalın və bir neçə nazir tənqidi fikirlər səsləndiriblər. Türkiyənin Milli Müdafiə Nazirliyi isə yazılı bəyanatında məktub müəlliflərinin "gözlərini paxıllıq örtdüyünü və ölkənin SQ-nin uğurlarını görmək istəmədiklərini", məktubun "orduya və demokratiyaya zərbə vurmağa yönəldiyini" qeyd edib. Ankara prokurorluğu isə məktubla bağlı araşdırma başladıb.
"Türkiyənin yüksək vəzifəli məmurlarının admiralların məktubuna sərt reaksiyası bu ölkənin Montrö konvensiyasından çıxması demək deyil. Bu məsələ heç gündəmdə də deyil. Tənqidə səbəb olan məktubun məzmunu deyil, ümumiyyətlə, admiralların adından dərc olunmasıdır. Çünki onlar mülki şəxslər kimi deyil, məhz yüksək çinli ehtiyatda olan hərbçilər kimi çıxış ediblər", - agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, "məktub ordunun siyasətə qarışması kimi qəbul olunur, Türkiyədə bundan öncə bir neçə hərbi çevriliş təcrübəsi olduğundan hakimiyyətin buna münasibəti də neqativdir".
Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, gəmilərin Bosfor boğazından keçmə rejimi barədə Montrö konvensiyası hələ layihə halında olan "İstanbul" kanalına şamil edilməyəcək. Eyni zamanda Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun sözlərinə görə, kanalın layihəsi ölkəsinin Montrö konvensiyasından imtinasına yönəldilməyib.
Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov RİA Novosti-yə bildirib ki, Qara və Mərmərə dənizləri arasında "İstanbul" kanalı kimi əlavə su arteriyalarının mövcudluğu konvensiyanın beynəlxalq hüquq rejimini dəyişməyəcək.
1936-cı ildə qəbul edilmiş Montrö konvensiyasına görə, bütün ölkələrin ticarət gəmiləri boğazlardan həm müharibə, həm də dinc dövrdə sərbəst keçə bilər. Ancaq hərbi gəmilərin oradan keçidi Qara dəniz hövzəsinə aid olmayan gəmilər üçün fərqlidir: onlara siniflərinə və boğazdan keçmə müddətlərinə görə müəyyən məhdudiyyətlər tətbiq olunur.