BAKI, 2 aprel — Sputnik. Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin ticarət naziri Ruhsar Pekcan Sputnik Azərbaycan-a bildirib ki, iki ölkənin iqtisadi sahədə əməkdaşlığının əsas məqsədi sərbəst ticarət sazişinin imzalanmasına nail olmaq və onun əsasında vahid bazarın yaradılmasıdır.
"Azərbaycanla Türkiyə arasında sərbəst ticarət sazişinin imzalanmasına nail olandan sonra vahid bazarın yaradılmasını hədəfləyirik", – deyə o bildirib.
Türk nazir onu da qeyd edib ki, Azərbaycan və Türkiyənin məqsədi 15 milyard dollarlıq ticarət dövriyyəsinə nail olmaqdır ki, bu da qarşılıqlı investisiyaların artırılması yolu ilə həyata keçirilə bilər.
1 mart tarixindən qüvvəyə minmiş Preferensial Ticarət Sazişinə də toxunan Pekcan bildirib ki, hazırda ölkələr sazişin əhatə dairəsini və imkanlarını genişləndirmək üzərində iş aparır. Onun verdiyi məlumata görə, aprelin 2-də Türkiyə və Azərbaycan arasında rəqəmsal ticarət haqqında da saziş imzalanacaq.
"Gömrük prosedurlarının sadələşdirilməsinə dair Anlaşma Memorandumu bütün texniki problemlər həll edildikdən sonra aprelin 15-də qüvvəyə minəcək. Buraya gömrük rüsumunun aşağı salınması və sənədlərin sadələşdirilməsi daxildir", - deyə nazir qeyd edib.
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin işinin gücləndirilməsi, Azərbaycanın logistika mərkəzinə çevirilməsi, eyni zamanda, bölgə dövlətləri ilə birlikdə Azərbaycanın iqtisadi inkişafı hər iki ölkə üçün prioritet məsələlərdəndir.
İki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər etmələrini nəzərdə tutan 1 aprel tarixində qüvvəyə minmiş qərara da toxunan Pekcan bunun müsbət addım olduğunu qeyd edərək bildirib ki, o özü də işçi qrupu ilə birlikdə Azərbaycana şəxsiyyət vəsiqəsi ilə gəlib.
Nazir onu da vurğulayıb ki, Türkiyənin dövlət qurumları və özəl şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əməkdaşlığa hazırdır.
"Türkiyə Azərbaycanın zəfərini və uğurunu bölüşür. Dövlət qurumlarımız – Enerji Nazirliyi, Nəqliyyat və İnfrastruktur Nazirliyi, "Türksat"(Peyk rabitəsinin idarə olunması və kabel televiziyası üzrə dövlət komitəsi) və TIKA (əməkdaşlıq və koordinasiya agentliyi) özəl sektorla birgə azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün Azərbaycanla əməkdaşlığa hazırdır. Bu istiqamətdə birgə işimiz davam edir", – deyə Pekcan qeyd edib.
Türkiyəli nazir nümayəndə heyəti ilə birlikdə Azərbaycan Prezidenti İlham Əliyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, nəqliyyat naziri Rəşad Nəbiyev və Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə görüşdüyü barədə də məlumat verib. Onun Azərbaycanın Baş naziri Əli Əsədov, parlamentin sədri Sahibə Qafarova ilə də görüşü planlaşdırılır.