Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 1 aprel — Sputnik. "Bu gündən etibarən can Azərbaycanla səyahətlər artıq sadəcə şəxsiyyət vəsiqəsi ilə mümkündür". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Bu gündən etibarən can Azərbaycanla səyahətlər artıq sadəcə şəxsiyyət vəsiqəsi ilə mümkündür. Bütün əngəllər qalxır, qardaşlığımız daha da güclənir. Vətəndaşlarımız və azərbaycanlı qardaşlarımız üçün xeyirli olsun!" - deyə Çavuşoğlu qeyd edib.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfərinə dair açıqlama yayıb:
"Ötən il dekabrın 10-da Bakıda imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol"un qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar hər iki tərəfdən yerinə yetirilmiş və protokol aprelin 1-də qüvvəyə minir.
Beləliklə, qeyd olunan tarixdən etibarən Azərbaycan vətəndaşları diplomatik, xidməti və ümumvətəndaş pasportları, eləcə də Azərbaycan vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi əsasında Türkiyə vizadan azad şəkildə səyahət etmək imkanına malik olacaqlar.
Yuxarıda sadalanan etibarlı sərhədkeçmə sənədlərinə malik olan Azərbaycan vətəndaşları Türkiyə ərazisinə daxil olmaq, tranzit keçmək və burada qalmaq üçün doxsan (90) gün müddətinə viza tələbindən azad edilirlər.
Türkiyə ərazisindən üçüncü ölkələrə və üçüncü ölkələrdən Türkiyə ərazisinə daxil olmaq üçün Azərbaycan vətəndaşları tərəfindən pasportların istifadə olunması məcburidir.
Bu mənada, Azərbaycan vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi yalnız Azərbaycan ərazisindən Türkiyəyə birbaşa səyahətlər üçün istifadə ediləcək.
Həmçinin, Azərbaycan vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi, eləcə də yuxarıda qeyd olunan digər sərhədkeçmə sənədləri Türkiyə ərazisinə giriş tarixindən etibarən ən az otuz (30) gün etibarlılıq müddətinə malik olmalıdır.
Eyni zamanda, Türkiyə ərazisində hər hansı səbəbdən doxsan (90) gündən artıq müddətdə qalmaq istəyən Azərbaycan vətəndaşları yaşamaq icazəsi almaq üçün tələb olunan müddətdən azı altmış (60) gün daha çox etibarlı olan pasport ilə müraciət etməlidirlər.
Azərbaycan tarixində ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunmasına dair müqaviləni qardaş Türkiyə ilə imzalayıb. Bu, ölkələrimiz arasında mövcud olan dostluq, qardaşlıq və yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərinin bariz təcəssümüdür".