BAKI, 31 mart — Sputnik. Dünyada heyvanlar üçün ilk və hələ ki, yeganə olan COVID-19 əleyhinə peyvənd "Karnivak-Kov" Rusiyada qeydiyyatdan keçirilib. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, yeni preparat Rusiyada kənd təsərrüfatına nəzarəti həyata keçirən "Rosselxoznadzor"un "Federal heyvanların sağlamlığının mühafizəsi mərkəzi"nin əməkdaşları tərəfindən hazırlanıb.
"Rosselxoznadzor"un rəis müavini Konstantin Savenkov jurnalistlərlə söhbətində bildirib ki, ötən ilin oktyabrından etibarən "Karnivak-Kov" itlər, pişiklər, tülkülər, arktik tülkülər və samurlar üzərində sınaqdan keçirilib.
"Tədqiqatın nəticələri peyvəndin zərərsiz olması və immunogen aktivliyinin yüksək olması barədə fikir bildirməyə imkan verir. Belə ki, sınaqlara cəlb olunmuş bütün heyvanların orqanizmində 100% koronavirusa qarşı anticisimlərin formalaşdığı müəyyən olunub", - deyə Savenkov bildirib.
Hazırda "Rosselxoznadzor" mütəxəssisləri heyvanlarda peyvənddən sonra immunitetin məhz hansı müddətə meydana gəldiyini araşdırırlar. Qurum rəsmisinin sözlərinə görə, bu müddət altı aydan az deyil.
"Artıq aprel ayında yeni preparatın kütləvi istehsalı başlaya bilər", - deyə rəis müavini bildirib.
Savenkov həmçinin yeni peyvəndin böyük əhəmiyyət kəsb etdiyini dilə gətirib. Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı bəzi heyvan növlərinin koronavirusa qarşı həssas olduğunu bəyan edib,
COVID-19-a yoluxma halları isə bir çox ölkələrdə qeydə alınıb. Rusiyada hələ ki, pişiklərin bu virusa yoluxması ilə bağlı iki hal qeydə alınıb.
Rusiyalı alimlərin qənaətinə görə, heyvanlar üçün peyvəndin tətbiqi virusun əksər hallarda törədicinin növlərarası yoluxması zamanı baş verən mutasiyasının qarşısını ala bilər.
"Qeyd etmək lazımdır ki, koronavirus infeksiyasının heyvanlardan insanlara keçməsi ehtimalının elmi sübutu yoxdur və bu barədə Ümumdünya Səhiyyə Təşkilatı dəfələrlə bəyanat verib", - deyə Savenkov vurğulayıb.
Qurum təmsilçisi onu da bildirib ki, heyvanlar COVID-19-dan fərqli koronavirusa da yoluxa bilərlər.