BAKI, 30 mart - Sputnik. Azərbaycan Təhsil Nazirliyi pandemiyanın hazırkı mərhələsində növbəti addımlarla bağlı ictimaiyyətin fikrini öyrənmək qərarına gəlib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Təhsil naziri Emin Əmrullayev Facebook hesabında sorğunu paylaşaraq hər kəsi fəal iştiraka dəvət edib. "Bundan öncə qeyd etdiyim kimi, bu sualın "səhv" və ya "düz" cavabı yoxdur. Hər birinizin rəyi dəyərlidir. Sorğuda iştirakınıza görə hər birinizə minnətdarlığımı bildirirəm", - nazir yazıb.
Respondentlərdən fəaliyyətin mövcud qaydada davam etdirilməsi; bütün siniflər üzrə tədrisin distant formada keçirilməsi; yalnız V-IX siniflər üzrə tədrisin distant formada keçirilməsi; yoluxmanın çox olduğu bölgələrdə distant, digərlərində ənənəvi formada keçirilməsi variantlarından birini seçmək təklif edilir.
Sorğuda bu link vasitəsilə iştirak etmək olar.