CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Psixoloq diplomlu şirniyyatçı: Öz ayaqları üstə durmağı balacalıqdan öyrətmək lazımdır

© Sputnik / Shahperi AbbasovaAytən Yusifova
Aytən Yusifova - Sputnik Azərbaycan, 1920, 29.03.2021
Abunə olmaq
"Əslində boşanmaq yaxşı hal deyil. Hər kəs xoşbəxt yaşamaq istəyir. Hələ Azərbaycan mühitində böyüyən qadın heç istəməz. Uşaqları dava-şavanın içində böyütməkdənsə, ayrılsınlar. Valideynlər anlaşa bilmirlərsə, bundan ən çox əziyyət çəkən uşaqlar olur"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 29 mart — Sputnik. Aytən Yusifova şirniyyatçıdır. İxtisasca psixoloq olsa da, başqa sənəti seçməyə məcbur olub. Tək bu sahədə biliyi deyil, taleyi də ona dərs verib. Qəhrəmanımız çoxlarına örnək olacaq həyat hekayəsini Sputnik Azərbaycan-la bölüşüb.

"İyirmi üç yaşım var idi. Keçmiş həyat yoldaşım məni qaçırdı. Onu uzaqdan-uzağa tanıyırdım. Məni Tərtər rayonuna apardı. Valideynlərinə görə qaldım. Elə ilk gündən boşanmaq istəyirdim, amma o boşanmırdı. Bu minvalla 8 il onunla evli qaldım".

© Sputnik / Shahperi AbbasovaAytən Yusifova
Psixoloq diplomlu şirniyyatçı: Öz ayaqları üstə durmağı balacalıqdan öyrətmək lazımdır - Sputnik Azərbaycan, 1920, 29.03.2021
Aytən Yusifova

İki övlad anası olan Aytən xanımın boşanmasına öz anası mane olmağa çalışsa da qohumları ona bu yolda dəstək olublar: "Anam deyirdi, atan yox, qardaşın yox, ərin də olmasa, səni təkləyəcəklər. Övladlarına görə döz, otur. Həm də onun valideynlərinə yazığım gəlirdi. Uşaqları da düşünürdüm ki, oğlan uşaqlarıdır, atasız böyüməsinlər. Amma alınmadı".

"Hər şeyi keçirdim, içki içirdi, işləmirdi, keçirdim. Amma mənə xəyanət edəndə dözmədim" deyən Aytən xanım qadınları öz haqlarını tələb etməyə çağırır: "Mən ərdə olan vaxt heç nəyimiz yox idi. Çünki gözləyirdim ki, ərim nəsə etsin. O da ancaq içirdi, aramızda problemlər yaranırdı. Əsəbdən, stresdən heç nə edə bilmirdim. Şirniyyat bişirməyə həvəsim var idi, amma o qədər əsəbi olurdum ki, bütün istəyim itirdi. Boşanandan sonra şirniyyat işini genişləndirdim. Özümə bir ev də aldım. Sahibkarlığın İnkişafı Fonduna müraciət etdim. Məni 5 min manatlıq avadanlıqla təmin etdilər. Hazırda kiçik sahibkaram. Pandemiya dövründə gəlirim nisbətən azalsa da, pulsuz qalmadım".

"Əslində boşanmaq yaxşı hal deyil. Hər kəs xoşbəxt yaşamaq istəyir. Hələ Azərbaycan mühitində böyüyən qadın heç boşanmaq istəməz. Amma alınmırsa, yaşaya bilmirsinizsə, ayrılın. Uşaqları dava-şavanın içində böyütməkdənsə, ayrılsınlar. Valideynlər anlaşa bilməyəndə bundan ən çox əziyyət çəkən uşaqlar olur".

© Sputnik / Shahperi AbbasovaAytən Yusifova
Psixoloq diplomlu şirniyyatçı: Öz ayaqları üstə durmağı balacalıqdan öyrətmək lazımdır - Sputnik Azərbaycan, 1920, 29.03.2021
Aytən Yusifova

Aytən xanımın fikrincə, qadınların iqtisadi baxımdan azad olması vacib şərtdir. Bunun üçün onlar mütləq hansısa sənətə yiyələnməlidirlər: "Qızlar mütləq təhsil almalıdırlar. Mən ixtisasca psixoloqam. Amma o sahədə işləmədim. Qadınlar mütləq hansısa peşəyə yiyələnməlidirlər. Sabahlarını düşünməlidirlər. Kimdənsə asılı qalmamaq üçün öz qazancları olmalıdır. Bu gün intihar edən qadınların əksəriyyəti elə buna görə özünü öldürür. Çünki baxır ki, alınmır, boşansa, onun maddi ehtiyacını kim ödəyəcək? Əlacı özünü öldürməkdə görür".

Həmsöhbətimiz Füzulidəndir. Dediyinə görə, oradan gələndə 12 yaşı olub: "1992-ci il Füzulidə atışma oldu. Valideynlərimiz işdə idilər. Dedilər, gəlin qaçaq. Dedik, yox, valideynlərimiz gəlməsələr, heç yerə gedən deyilik. Axşam atamgil gəldilər, qərar verdilər ki, Bakıya gələk. Bakıda müvəqqəti qaldıq, amma arada gedirdik. İşğaldan sonra birdəfəlik gəldik. Boş bir bina var idi. Yaşamaq üçün yararsız idi, çünki yarımçıq idi. Orada bir müddət yaşadıq. Bakıya yenicə gəlmişdik ki, həmin binanın qabağında atamı silahla vurdular. Qatilini də tapa bilmədik. Atam dolların alış-verişi ilə məşğul idi. O zamanlar dolları bazarda dəyişirdilər. Anam üç qızı tək böyütdü, təhsil də verdi. Həyatda heç gözləmədiyimiz durumlara düşə bilərik. Buna görə düşünürəm ki, öz ayaqları üstə durmağı uşaqlara balacalıqdan öyrətmək lazımdır".

Xəbər lenti
0