Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 27 mart — Sputnik. Dünən Quba-Xınalıq yoluna iri qaya parçası uçması nəticəsində yolun hərəkətində problemlər yaşanıb. Bu gün isə Quba-Xınalıq yolunun 36-cı kilometrində yola düşmüş iri qaya parçası artıq nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törətmir. Bu məlumatı Sputnik Azərbaycan-a Quba 5 saylı yol-istismar idarəsinin rəisi Gülağa Əliyev verib.
O, tez bir zamanda yolun hərəkət zolağından kənara çəkilən iri qaya parçasının qarşıdakı günlərdə xüsusi texnika vasitəsilə doğranılacağını və ya ərazidən uzaqlaşdırılacağını bildirib. Onun sözlərinə görə, yola düşən iri qaya parçasının çəkisi 10 tondan çoxdur. Rəis qayanı çətinliklə kənara çəkdiklərini, nəqliyyat vasitələrinin yolda normal hərəkət etməsi üçün əlindən gələni etdiklərini bildirib.