SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN: Mədəniyyət cinayəti törədilməsi barədə iddiaları qətiyyətlə rədd edirik

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan, 1920, 26.03.2021
Abunə olmaq
Azərbaycan Respublikası mədəniyyətin və dini müxtəlifliyin qorunmasına sadiq olduğunu dəfələrlə təsdiq etmişdir və bu, dəyişməz olaraq qalır.

BAKI, 26 mart - Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “mədəniyyət cinayətləri” törətmək barədə əsassız iddialarını şərh edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, XİN-in açıqlamasında deyilir:

"25 mart 2021-ci ildə BBC News Azərbaycanın Cəbrayıl şəhərində "Erməni kilsəsinin yoxa çıxması” barədə xəbər yaydı. Bu cür ittihamları ciddi şəkildə nəzərdən keçirir, lakin YUNESKO üzrə Ermənistan Milli Komissiyasının Azərbaycan tərəfindən hər hansı bir “mədəniyyət cinayəti” törədilməsi barədə iddialarını qətiyyətlə rədd edirik.

Azərbaycan Respublikası mədəniyyətin və dini müxtəlifliyin qorunmasına sadiq olduğunu dəfələrlə təsdiq etmişdir və bu, dəyişməz olaraq qalır.

İddia olunan "yoxa çıxma" məsələsinə kompleks şəklində baxılmalıdır. Sözügedən ibadətgah, beynəlxalq səviyyədə Azərbaycanın əraziləri kimi tanınan torpaqlarında Ermənistanın 30 illik işğalı dövründə qeyri-qanuni şəkildə inşa edilmişdir və 1993-cü ildə qanunsuz işğala qədər həmin ərazilər yalnız etnik azərbaycanlılar tərəfindən məskunlaşmışdı. İbadətgah Ermənistanın Cəbrayılda və Azərbaycanın digər işğal olunmuş bölgələrində nəsillər boyu yaşamış azərbaycanlıların evlərini və mədəni irsini dağıtdığı bir dövrdə tikilmişdir.

2017-ci ildə Azərbaycan Respublikasının Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) müraciətindən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri Cəbrayıldakı ibadətgahı ziyarət etməyi qəbul etdilər. Azərbaycan Respublikası erməni qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərinin demoqrafik, mədəni və fiziki xüsusiyyətlərini dəyişdirməsindən ciddi narahatlığını bildirdi. ATƏT-in Minsk Qrupu həmsədrləri bu səfərdən sonra ibadətgahın Cəbrayıldakı hərbi birləşmənin bir hissəsi olaraq erməni əsgərləri tərəfindən istifadə edilməsi üçün inşa edildiyi qənaətinə gəldilər.

Yalnız beş il əvvəl tikilən və inşası tam şəkildə Ermənistan işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətgah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab edilə bilməz.

Azərbaycanın bir vaxtlar işğal altında olan ərazilərinin dağıdılmasının beynəlxalq media tərəfindən geniş işıqlandırılması və bu ərazilərin hətta “Ruhlar şəhəri” və ya “Qafqazın Xirosiması” kimi adlandırılması Ermənistanın vandalizmini və Azərbaycanın tarixi, mədəni və dini irsinin dövlət səviyyəsində dəstəklənən qəsdən məhv edilməsi siyasətini açıq şəkildə nümayiş etdirdi.

Azərbaycanın irsini qəsdən hədəf alan, bir vaxtlar işğal olunmuş ərazilərdə mədəni təmizləmə və çoxsaylı hərbi cinayətlər həyata keçirən, o cümlədən 927 kitabxana, 60-dan çox məscid, 44 məbəd, 473 tarixi məkan, saray və muzeyi dağıdan ölkənin Azərbaycanı ittiham etmək üçün nə hüquqi, nə də mənəvi haqqı var.

Ermənistan işğalçılıq siyasətini davam etdirdiyi onilliklər ərzində beynəlxalq missiyaların Azərbaycanın işğal olunmuş ərazilərini ziyarət etməsinə icazə verməyib. Bu həqiqət, 2005-ci ildə nəşr olunan YUNESKO-nun Fəaliyyət Hesabatında da açıq şəkildə əksini tapmışdır. Hesabatda bildirilirdi ki, Azərbaycan hökuməti Dağlıq Qarabağda və digər işğal olunmuş ərazilərdə mədəni irsin qorunması ilə bağlı narahatlığını ifadə edib və bu ərazilərə fakt araşdırma missiyasının göndərilməsini xahiş edib, lakin missiyanın qarşısı bu ərazilərin Ermənistan hərbi qüvvələri tərəfindən işğalı səbəbindən alındı.

Azərbaycan işğaldan azad olunmuş ərazilərində törədilən dağıntıların müvafiq şəkildə sənədləşdirilməsi üçün bu ərazilərə müstəqil və hərtərəfli beynəlxalq missiyanın göndərilməsində ən maraqlı tərəfdir. Bu xüsusda YUNESKO ilə konstruktiv dialoq aparılır və ümid edirik ki, bu missiya tezliklə baş tutacaq.

Azərbaycan Respublikası azad edilmiş ərazilərində tarixi, mədəni və dini irsin qorunması və saxlanması üzrə beynəlxalq öhdəliyinə sadiq qalır".

Xəbər lenti
0