CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oğlum dönüb mənə baxanda gördüm ki, alnı qandır - Şəhid anası

© Sputnik / Zulfiyya Guluyevaİsmayıl Hüseynovun anası Sona Hüseynova
İsmayıl Hüseynovun anası Sona Hüseynova - Sputnik Azərbaycan, 1920, 26.03.2021
Abunə olmaq
"Bu küçədə hara baxıram, İsmayılı görürəm. Körpəliyini, yeniyetməliyini, yarımçıq qalan gəncliyini..."

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 mart — Sputnik. Gecə saat 2 radələrində telefona zəng gəlir. Bu vədə edilən zəngin səsi Sona xanımın ürəyini titrədir. Telefonun dəstəyini qaldıran İsmayılın üzündə yaranmış ifadədən evdə hər kəs zəngin haradan edildiyini anlayır...

Vətən müharibəsində şəhid olmuş İsmayıl Hüseynovun ağsaçlı anası Sona Hüseynova ilə söhbətə elə 2020-ci il sentyabrın 21-i gecəsi edilən zəngdən körpü salırıq. Ömrünün ixtiyar çağında övlad itkisinın acısını yaşayan bu ağbirçək qadınla söhbətləşmək çətin olsa da, Sputnik Azərbaycan Vətən müharibəsi qəhrəmanlarını tanıtmaqda davam edir....

© Sputnik / Zulfiyya Guluyevaİsmayıl Hüseynovun anası Sona Hüseynova
Oğlum dönüb mənə baxanda gördüm ki, alnı qandır - Şəhid anası - Sputnik Azərbaycan, 1920, 26.03.2021
İsmayıl Hüseynovun anası Sona Hüseynova

Paytaxtın Səbail rayonu, 20-ci Sahə adlanan ərazisində yaşayan Sona xanım ilə söhbət zamanı öyrənirik ki, o, iki oğul, bir qız anasıdır. Həyat yoldaşını övladları kiçikkən itirib.

Müharibə başlayan kimi kiçik oğlu İsmayıl orduya könüllü yazılır. Bu barədə isə evdə heç nə demir. Elə sən demə, sentyabrın 21-i gecə saat 2-də edilən zəng Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən gəlibmiş. İsmayıl anasına sabah hərbi komissarlığa yollanacağını söyləyir. Vətənin darda olduğu bir vaxtda oğluna "getmə" deməyə dili gəlmir Sona ananın:

"Mən övladlarımın hamısını vətənpərvər ruhda tərbiyə etmişəm. Həmişə Vətən sizin ananızdır demişəm onlara. Ürəyimdə bir ana kimi narahatlıq olsa da, İsmayılı yolundan döndərmədim. İstəyirdim ki, onu müharibəyə özüm yola salım. Amma ayaqlarım sözümə baxmadığından, İsmayıl mənim onu hərbi komissarlıqdan yola salmağıma razı olmadı. İsmayıl müharibə gedə-gedə mənə zəng edirdi. Hər dəfə də mənə ürək-dirək verirdi ki, onun üçün narahat olmayım. İsmayıl müharibədə sanitar kimi xidmət edirmiş. Yaralı əsgərlərimizi güllə altından çıxardıb təcili yardım maşınına gətirirmiş. Axırıncı dəfə yaralı əsgərləri döyüş ərazisindən çıxartmağa gedəndə ona xəbərdarlıq edirlər ki, gözləsin. Çünki mərmi göydən yağış kimi yağırmış. Döyüş getdiyi yerdə isə yaralı əsgərlər qalıbmış. İsmayıl xəbərdarlığa baxmayaraq onları çıxartmağa gedəndə mərmi düz onun yanında partlayıb".

© Sputnik / Zulfiyya Guluyeva
Şəhid İsmayıl Hüseynovun şəkilləri - Sputnik Azərbaycan
1/5
Şəhid İsmayıl Hüseynovun şəkilləri
© Sputnik / Zulfiyya Guluyeva
Şəhid İsmayıl Hüseynovun şəkilləri - Sputnik Azərbaycan
2/5
Şəhid İsmayıl Hüseynovun şəkilləri
© Sputnik / Zulfiyya Guluyeva
Şəhid İsmayıl Hüseynovun şəkilləri - Sputnik Azərbaycan
3/5
Şəhid İsmayıl Hüseynovun şəkilləri
© Sputnik / Zulfiyya Guluyeva
Şəhid İsmayıl Hüseynovun şəkilləri - Sputnik Azərbaycan
4/5
Şəhid İsmayıl Hüseynovun şəkilləri
© Sputnik / Zulfiyya Guluyeva
İsmayıl Hüseynovun anası Sona Hüseynova - Sputnik Azərbaycan
5/5
1/5
Şəhid İsmayıl Hüseynovun şəkilləri
2/5
Şəhid İsmayıl Hüseynovun şəkilləri
3/5
Şəhid İsmayıl Hüseynovun şəkilləri
4/5
Şəhid İsmayıl Hüseynovun şəkilləri
5/5

S.Hüseynova oğlunun partlayış zamanı sol qolunu və ayağını itirdiyini, tanınmaz hala düşdüyünü söyləyib. İsmayılın şəhid xəbərini isə ona ərazinin Mənzil İstismar Sahəsindən (MİS) veriblər.

Sona ana deyir ki, İsmayılın şəhid olacağı gecəsi oğlu yuxusuna girib:

"Gördüm ki, bir dəstə əsgər gedir. İsmayıl isə onların qabaq cərgəsindədir. Yuxuda İsmayılı səslədim. Oğlum çönüb mənə baxanda gördüm ki, alnı qandır balamın... Yuxumu durub suya söylədim ki, xeyrə calansın. Amma sən demə, yuxuda gödüyüm qan elə balamın qanlı köynəyiymiş".

© Sputnik / Zulfiyya Guluyevaİsmayıl Hüseynovun anası Sona Hüseynova
Oğlum dönüb mənə baxanda gördüm ki, alnı qandır - Şəhid anası - Sputnik Azərbaycan, 1920, 26.03.2021
İsmayıl Hüseynovun anası Sona Hüseynova

68 yaşlı Sona Hüseynova oğul itkisindən sonra yaşamağın çətin olduğunu söyləsə də, deyir ki, tək təsəllisi İsmayılın Vətən yolunda şəhid olmasıdır.

"İsmayılın 27 yaşı vardı. Hər bir ana kimi mənim də arzum oğlumu evləndirmək, nəvələrimlə oynamaq idi. Amma hər dəfə oğlumla evlənmək barədə danışanda bu söhbətdən yayınırdı. İsmayıla kreditlə maşın almışdım. İşi olmadığından taksi kimi sürürdü. Elə evimizi də taksidən qazandığı pulla dolandırırdı. O biri oğlum isə ustadır. O da subaydır. İsmayıl şəhid olandan sonra bu kasıb komamda otura bilmirəm. Yaxşı ki, qonşular var, onlarla söhbət edib başımı qatıram. Amma bu küçədə haraya baxıram, İsmayılı görürəm. Körpəliyini, yeniyetməliyini, yarımçıq qalan gəncliyini".

Ana deyir ki, İsmayıl öləndən sonra qaranlıq evlərinə sanki daha da qaranlıq çöküb:

"Düzdür, rayon icra hakimiyyətindən gəlib mənə dəstək göstərirlər. Mənzilimizi təmir edəcəklərini də söyləyiblər. Söz veriblər ki, yuxarıda parkda İsmayılın heykəlini qoyacaqlar. Amma İsmayılın yoxluğunun ürəyimdə açdığı boşluğu heç nə doldura bilməz".

S.Hüseynova İsmayılın xalqın çiyinləri üzərində son mənzilə yola salındığını söyləyir. İsmayılın yaşadığı mənzildə isə Sona anaya xatirə qalan İsmayılın şəkilləridir. Hər gün öpüb oxşadığı, oğlunun yoxluğunu ona unutduran şəkilləri...

Xəbər lenti
0