BAKI, 26 mart — Sputnik. Gənc pakistanlı ifaçı Asad Kureyşi Pakistan-Azərbaycan-Türkiyə dostluğu haqqında musiqili parça təqdim edib. Bu barədə sosial şəbəkədə Cəmaləddin Quliyev adlı istifadəçi məlumat yayıb.
Onun məlumatına əsasən, mahnı üçün klip Pakistan Xarici İşlər Nazirliyinin sifarişi ilə hazırlanıb. İfa urdu dilindədir (Pakistanın rəsmi dövlət dili). Titrlərdə türk, Azərbaycan və ingilis dillərində mahnı sözlərinin tərcüməsi verilir.
Mahnının adı belədir - "Dil Hai Turkey, Pakistan, Jan Hai Azerbaijan (Qəlbim Türkiyə və Pakistandır, Canım Azərbaycandır)”.
Klipdə Bakı, Lahor, İslamabad və İstanbulun tarixi yerlərini, Azərbaycan Prezidenti İlham Əliyevin pakistanlı həmkarı ilə görüşünü, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fəaliyyətini, İkinci Qarabağ müharibəsini, Bakıda zəfər coşqusu zamanı Pakistan bayraqlarının qaldırılmasını əks etdirən görüntülər, "Diriliş Ərtoğrul" serialından fraqmentlər yer alır.