BAKI, 25 mart — Sputnik. Qax rayonunun Acınohur ərazisində xarici turistlərin qanunsuz ov hallarına yol verməsi barədə sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlar, foto və video materiallar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, bəzi görüntülərdə və yerində aparılan araşdırmalarda qanun pozuntuları müəyyən edildiyindən iki əcnəbi turist Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərinin pozulmasına və təbiətə vurulmuş ziyana görə cərimələniblər.
Xatırladaq ki, "Ecofront" Facebook səhifəsi Qax rayonunun Acınohur ərazisində ərəb turistlərin nadir quş və heyvanları ovladığı, kef məclisi düzənlədiyi barədə görüntüləri yayıb. Görüntülərdə ərəblərin şahin quşları və yolsuzluq avtomobilləri ilə ova çıxdıqları, ovladıqları quşlarla şəkil çəkdirdikləri, onların ətindən kabab və digər yeməklər hazırlayıb yedikləri əksini tapıb.