BAKI, 25 mart - Sputnik. ABŞ Prezidenti Co Bayden 2024-cü ildə yenidən dövlət başçısı vəzifəsinə seçilmək üçün mübarizə aparmaq niyyətində olduğunu açıqlayıb.
"Mənim cavabım bəli. İkinci müddətə namizəd olmağı planlaşdırıram", - deyə Amerika lideri özünün ilk açıq mətbuat konfransı zamanı "növbəti dəfə prezidentliyə namizədliyinizi irəli sürmək niyyətiniz var?" sualını cavablandırarkən bildirib.
Bununla yanaşı, Bayden 3,5-4,5 il əvvəldən planlaşdırma vərdişinin olmadığını da əlavə etdi. Bu gün üçün onun hələlik yalnız müəyyən "gözləntiləri" var.
Dövlət başçısının sözlərinə görə, 2024-cü ildə yenidən Vitse-prezident Kamala Harrislə birlikdə seçki kampaniyasında iştirak etməyi planlaşdırır.
Bayden 2020-ci ilin payızında keçirilən seçkilərdə ABŞ prezidenti seçilib. Demokratların namizədi Respublikaçı Donald Trampı məğlub edib.
Qeyd edək ki, Co Baydenin hazırda 78 yaşı var.