Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 23 mart — Sputnik. "Qazıntılar zamanı arxeoloqlar tərəfindən tapılan bəzi abidələrin üzərində heç bir məlumat yazılmır. Məsələn, Arxeologiya İnstitutunun aparıcı mütəxəssisi İdris Əliyev tanınmış bir şəxsdir, o xüsusən də Abşeron ərazisində böyük qazıntılar aparıb.
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə heyətinin sədri Samir Dübəndi deyib.
O, Dübəndi kəndi ilə bağlı danışaraq deyir ki, orada eramızdan əvvəl 1-4-cü yüzilliklərə aid olan pentaqramlar və digər qazıntılar zamanı tapılmış müxtəlif arxeoloji abidələr var:
"Bu abidələrin bəziləri Qala Etnoqrafiya Muzeyi inşa edilərkən oraya daşınıb və adını da belə qoyublar ki, guya bunlar qazıntı zamanı Qaladan tapılıb. Arxeologiya İnstitutundan əldə etdiyim məlumata görə, Dübəndi ərazisindən tapılan bu abidələr Qalaya daşınıb. Belə yalan danışmaq nə dərəcədə düzgündür?! Ümumiyyətlə, bu abidələrin üzərində haradan tapıldığı yazılmır. Məncə, bu, məmurların dələduzluğudur. Bu cür nüansları aşkarlayıb, həmin məmurları cəzalandırmaq lazımdır".
S.Dübəndi turist cəlbi üçün "Yanardağ"da görülən işlərdən danışaraq müəyyən nöqsanlara toxunub: ""Yanardağ" təmir yox, betonlanandan sonra oraya göz gəzdirdik, orada bəzi spesifik xassələrin pozulduğunun şahidi olduq. Əslində oranı daha təbii vəziyyətdə saxlamaq, tikinti materialı, beton və armaturdan daha az istifadə etmək lazım idi. Amma hər halda müəyyən işlər görülür və həmin obyekt faktiki olaraq görkəmini dəyişib. Lakin eşitdiyim neqativ faktlardan biri də budur ki, "Yanardağ"da təmir işləri gedərkən köhnə işçilər oradan qovulublar. Hansı ki, təmirdən öncə orada işləyən kənd sakinlərinin ümidi var idi ki, iş imkanları daha da genişlənəcək. Dövlət qurumu tərəfindən yerli sakinlərə bu cür yanaşılması da düzgün deyil".