BAKI, 23 mart - Sputnik. Bakıda atanın qızına iynə vurub öldürməsi hadisəsinin bəzi detalları bəlli olub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumata görə, martın 22-də saat 23 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Salamova Gülər Hacı Ağa qızının meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin atası, 1960-cı il təvəllüdlü Salamov Hacı Ağa Əziz Ağa oğlunun qısqanclıq zəminində Gülər Salamovanın əzələsinə qanunla müəyyən edilmiş miqdardan artıq narkotik vasitə - heroin vuraraq zəhərləyib qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hacı Ağa Salamov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.