BAKI, 21 mart – Sputnik. Alimlər heyvansevərləri qıcıqlandıracaq qənaətə gəliblər: itlər çox ət yediklərindən ətraf mühitə mənfi təsir göstərirlər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə L’Express yazır.
Los-Ancelesdəki Kaliforniya Universitetinin professoru Qreqori Okin bəyan edib ki, ABŞ-da 160 milyon it və pişik ət yemələri səbəbindən ətraf mühitə 25-30% təsir göstərir. Onun sözlərinə görə, it-pişiklər il ərzində havaya 64 milyon ton karbon qazı (CO2) buraxırlar, bu isə 13 milyon avtomobilin eyni dövr ərzində havaya buraxdığı zəhərli qazın həcminə bərabərdir.
Maastrixt Universitetinin professoru Pim Martens isə itlərin qoyduğu karbon izinin onların yaşadıqları yerdən asılı olduğunu söyləyib.
“Orta ölçüdə olan it (10-20 kq) bütün ömrü boyu, əgər Niderlandda yaşayırsa, 4.2-17 ton, Çində - 3.7-19.1, Yaponiyada – 1.5-9.9 ton CO2 ifraz edir”, - Martens hesablayıb.
İllinoys Universitetinin heyvanların qidalanması üzrə mütəxəssisi Kelli Suonson isə məsələni bu qədər qəlizləşdirməyin tərəfdarı deyil. O deyir ki, ev heyvanlarının çoxu qida sənayesindəki subməhsullardan hazırlanmış yemlə qidalanır.
Amma bu alimlər bir fikirdə yekdildirlər, çox yeyən böyük it balaca pişikdən daha çox karbon izi qoyur.
Ekspertlər bununla bağlı məsləhət də veriblər: insanlar heyvanları qədərindən artıq yemləməməlidirlər. Bəziləri isə bu fikirdədirlər ki, itlərin və digər heyvanların rasionuna başqa zülal mənbəyinin, məsələn, böcəklərin əlavə olunması onların ət tükətməsini azalda bilər.