BAKI, 20 mart - Sputnik. "Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramını şənbə günü Azərbaycanın ötən payız müharibəsində Ermənistan silahlı qüvvələrindən aldığı mədəni cəhətdən önəmi olan Şuşanın qarşısında təntənəli tonqal qalayaraq qeyd edib".
Sputnik Azərbaycan xəbər verir ki, bunu "Washington Post" "Associated Press" agentliyinə istinadən yazıb.
"Əsrlər boyu Azərbaycan mədəniyyətinin mərkəzi olan Şuşa 1992-ci ildə separatçıların Dağlıq Qarabağ uğrunda apardığı döyüşlərdə Ermənistanın nəzarətinə keçib. Şəhərin noyabr ayında Azərbaycan qüvvələri tərəfindən geri alınması bölgənin yaxınlığındakı Stepanakertin (Xankəndi) üstündə yerləşdiyinə görə həm simvolik, həm də strateji baxımdan vacib idi", - deyə yazıda qeyd olunub.
Nəşr Azərbaycan Prezidentinin bayram təbrikinə də yer verib: "Bu gün Novruzu Azərbaycanın mədəniyyət paytaxtı olan qədim şəhərimiz Şuşada qeyd edirik. Bu, tarixi bir hadisədir. Bu, böyük bir xoşbəxtlikdir. Tanrı Azərbaycan xalqının dualarını eşitdi. Ola bilsin Şuşa dağıdılıb. Şuşadakı tarixi yerlərimiz mənfur düşmən tərəfindən dağıdılmış ola bilər. Ancaq Şuşa əyilmədi. Şuşa sınmadı. Ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və bu gün Şuşada olanda bunun bir daha şahidi oluruq", - Prezident İlham Əliyev şənbə günü yayımlanan videogörüntüdə Novruz bayramının ənənəvi tonqalını alışdırdıqdan sonra belə deyib".
Daha sonra məqalədə qeyd edilir ki, "ötən il 6000-dən çox insanın öldüyü altı həftəlik müharibədə Azərbaycan Dağlıq Qarabağ və ermənilərin nəzarətindəki ətraf ərazilərin çox hissəsinə nəzarəti bərpa edib".